Vətəndaşlar dərman vasitəsinin keyfiyyəti və ya mənşəyi barədə
şübhə yarandığı təqdirdə, nəzarətedici qurum olan Səhiyyə
Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər.
Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq
edilmiş “Dərman vasitələrinin ekspertizasının, o cümlədən
sadələşdirilmiş ekspertizasının aparılması Qaydası”na əsasən,
dərman vasitələrinin ekspertizası istehlakçıların hüquqlarının
müdafiəsi məqsədilə Qurum tərəfindən ödənişsiz aparılır.
Trend xəbər verir ki, bu
barədə 93 FM-in “Sağlam radio” verilişində Səhiyyə Nazirliyi
Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam
Həsənova məlumat verib.
Onun sözlərinə görə, vətəndaşlar dərmanı və qəbzi Mərkəzin “Bir
pəncərə” xidmətinə təqdim etməklə ekspertiza tələb edə bilərlər.
Əvvəlcə dərman vasitəsinin dövlət qeydiyyatının olub-olmadığı
müəyyən edilir, daha sonra laborator müayinəsi aparılır.
Araşdırma yekunlaşdıqdan sonra “Vətəndaş müraciətləri haqqında”
Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, vətəndaşa
yazılı formada məlumat verilir: “Əgər dərman vasitəsi dövlət
qeydiyyatından keçməyibsə, vətəndaş bu barədə rəsmi qaydada
məlumatlandırılır”.

