
Bakı. Trend:
27 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının
ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris
Ekincini qəbul edib.
XİN-dən Trend-ə verilən
xəbərə görə, görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli
gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik
məsələləri müzakirə olunub.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin
mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu
bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik
münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət,
enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s.
aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində
fəaliyyətin vacibliyi vurğulanıb.
Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda,
xüsusilə də ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgə
səylərimizin təqdirəlayiq olduğu vurğulanıb, bu il Qəbələdə
keçirilmiş sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət
edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan
normallaşma prosesi və onun müxtəlif aspektləri, Vaşinqton
sammitindən irəli gələn məsələlər barədə ətraflı
məlumatlandırıb.
Yaxın Şərqdə, Qəzza bölgəsində, Suriyada və Afrika ölkələrində
mövcud səylər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli
və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri
arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi
məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər
nazirinin müavini Samir Şərifov, Türkiyə nümayəndə heyətinə isə
xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci rəhbərlik
edib.

