
Bakı. Trend:
Universitet – sənaye işbirliyinin gücləndirilməsi istiqamətində
UNEC növbəti addım atıb.
Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycanın
maliyyə-investisiya sektorunun aparıcı şirkətlərindən biri olan
“ABB-İnvest İnvestisiya Şirkəti” (ABB Invest) arasında əməkdaşlığa
dair memorandum imzalanıb.
UNEC-in rektoru, professor Ədalət Muradov və ABB Invest-in
icraçı direktoru Nadir Babazadə tərəfindən imzalanan memorandumun
əsas məqsədi kapital bazarlarında bilik və təcrübə mübadiləsini
gücləndirmək, maliyyə savadlılığını artırmaq, eləcə də UNEC
tələbələrinin praktiki bacarıqlarını inkişaf etdirməkdır.
Memorandum çərçivəsində tərəflər maliyyə savadlılığının
artırılmasına yönəlmiş birgə layihələr həyata keçirəcəklər,
tələbələrin real iş proseslərinə qoşulması və peşəkar biliklərinin
möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
Memorandumda, həmçinin, tələbələr üçün istehsalat və yay təcrübə
proqramları, qiymətli kağızlar üzrə maarifləndirici təlimlər,
karyera imkanları, eləcə də maliyyə və iqtisadiyyat sahələrinə dair
ən son kitabların nəşr olunması nəzərdə tutulub.

