Azərbaycanda meyvə bağlarının aqrar sığortası mövsümü başlayır

Baş səhifə

Bakı. Trend:

Aqrar Sığorta Fondu 2025-2026-cı illər əkin mövsümü üzrə meyvə
bağlarının sığortalanma dövrünün başlandığını elan edib.

Trend fonda
istinadən xəbər verir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq
olunan sərfəli aqrar sığorta mexanizmi ümumilikdə 41 növ bitki və
bitki məhsulunu əhatə edir.

Bildirilib ki, son illər Azərbaycanda kənd təsərrüfatına marağın
artması fonunda ölkədə hər il minlərlə hektar meyvə bağları
salınır. Meyvələr təkcə daxili bazarın təmin edilməsində deyil, həm
də Azərbaycandan xarici ölkələrə satılaraq ölkəyə böyük vəsait
gətirən ixrac məhsuluna çevrilib. Bu sahədə on minlərlə fermer və
yerli əhali çalışır.

Vurğulanıb ki, məhz bu səbəbdən aqrar sığorta vasitəsilə
sığortalanan bitkilərin siyahısında böyük yeri meyvə məhsulları
tutur – hazırda aqrar sığorta vasitəsilə 21 növ meyvə bağları
sığortalanır. Buraya alma, armud, şaftalı (nektarin), ərik, gilas,
albalı, nar, alça, çiyələk, fındıq, qoz, badam, gavalı, heyva,
xurma, limon, naringi, portağal, ting, üzüm, zeytun bitkiləri
aiddir.

Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən – dolu,
qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma),
normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu,
üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində
keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar
sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və
xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq
sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.

Meyvə bağında hər hansı hadisə baş verdikdə dəymiş zərər
müstəqil aqrar sığorta ekspertləri tərəfindən müəyyən edilir və
Aqrar Sığorta Fondu fermerə dəymiş zərəri qarşılayır. Zərərə görə
aqrar sığorta ödənişi edilərkən azadolma məbləği də nəzərə
alınır.

Meyvə bağlarını aqrar sığorta etmək olduqca sərfəlidir. Sığorta
haqqı meyvənin növü, region və sığorta zərfindən asılı olaraq
dəyişir. Bundan başqa, dövlətin 50%-lik sığorta haqqı dəstəyi
sayəsində fermer sığorta haqqının yalnız yarısını ödəyir, digər
yarısını fermerlərə dəstək üçün dövlət özü ödəyir.




Ümumiləşdirdikdə 1000 manatlıq meyvənin baza zərfi ilə
sığortalanması üçün fermerdən tələb olunan məbləğ meyvədən və
regiondan asılı olaraq 10-25 manat arasında dəyişir. Bu hesabla,
məsələn, bağda 10 min manatlıq məhsul varsa, həmin bağın sığortası
fermerə təqribən 100-250 manata başa gəlir.

Fermerlər meyvə bağlarını baza zərfindən başqa, əlavə ödənişlə
digər risklərdən də sığorta edə bilərlər. Əlavə risklərə –
şaxtavurma (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisi,
leysan yağması nəticəsində yaranan zərərlər, eləcə də bitki
xəstəlikləri və zərərvericilərin zərərləri aiddir.

Meyvə bağı sahibləri bağdakı meyvələrdən əlavə, ayrıca olaraq
ağacları və tingləri də sığorta edə bilərlər. Əgər yuxarıda
sadalanan hadisə nəticəsində meyvə ağacı məhv olarsa, fermerə həmin
ağacın 3 illik meyvəsinin dəyəri ödənilir – sığorta tarifi isə cəmi
0,83% təşkil edir. Məsələn, ildə 50 manatlıq məhsul verən 1 ağacın
sığortası fermerə cəmi 62 qəpiyə başa gəlir. Bu sığorta növü
fermerləri uzunmüddətli zərərdən qorumaq üçün vacibdir.

Meyvə bağlarının sığortalanması üçün sığorta haqlarını fermerlər
özləri də müstəqil şəkildə Aqrar Sığorta Fondunun rəsmi internet
səhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablaya
bilərlər (https://asf.gov.az/bitkicilik-kalkulyatoru).

Qeyd edək ki, Aqrar Sığorta Fondunun sığortaladığı bağlar və
meyvə bağları üzrə sığorta ödənişləri sürətlə artmaqdadır. 2023-cü
ildə meyvə bağları üzrə cəmi 39 min manat ödəniş edilmişdisə,
2024-cü ildə bu məbləğ 720 min manat, 2025-ci ilin ilk 9 ayında isə
159 min manat təşkil edib və hər gün artır.

İndiyədək olan hadisələr göstərir ki, meyvə bağların ən çox
zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və
sel-subasmadır.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və
tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində
ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial
şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə
saxlamaqla əldə etmək olar.