Bakı. Trend:
Ekvador prokurorluğu şənbə günü 2023-cü ildə prezidentliyə
namizəd Fernando Vilyavisensionun öldürülməsində şübhəli bilinən
yeddi nəfərə rəsmi olaraq “qətl” ittihamı irəli sürüldüyünü
açıqlayıb. İttiham olunanlar arasında iki keçmiş solçu siyasətçi,
bir iş adamı və cinayətkar dəstənin bir neçə üzvü də var.
Keçmiş sosialist prezident Rafael Korreanın (2007-2017)
tənqidçisi olan Fernando Vilyavisensio prezident seçkisindən bir
həftə əvvəl, 2023-cü il avqustun 9-da Kitoda kolumbiyalı muzdlu
qatil tərəfindən güllələnərək öldürülüb. Atəş açan şəxs onun
mühafizəçiləri tərəfindən öldürülüb.
Prokurorluq şənbə axşamı X sosial şəbəkəsində yeddi nəfərə “qətl
cinayətində ehtimal olunan iştiraklarına görə” ittiham irəli
sürdüyünü açıqlayıb. İttiham olunanlar arasında iş adamı Xavier
Jordan, keçmiş daxili işlər naziri Xose Serrano, keçmiş deputat
Ronni Aleaqa, həmçinin “Los Lobos” cinayətkar qruplaşmasının əsas
lideri, Pipo ləqəbi ilə tanınan Vilmer Çavarria və bu təşkilatla
əlaqəli daha üç nəfər var.
Prokurorluq yeddi şəxsin barəsində həbs qətimkan tədbirinin
qüvvədə saxlanılmasını istəyib və xaricdə yaşayan dörd şübhəli
barəsində İnterpol xətti ilə qırmızı bülleten elan olunması üçün
aidiyyəti orqanlara müraciət edib. Prokurorluq iyulun əvvəlində də
onların barəsində ittihamların irəli sürüldüyünü açıqlamışdı.
ABŞ-da yaşayan Jordanın qətli “maliyyələşdirmək və
planlaşdırmaqda” şübhəli bilindiyi bildirilir. Rafael Korreanın
prezidentliyi dövründə (2007-2017) daxili işlər naziri olmuş
Serrano hazırda ABŞ-da miqrasiya nəzarəti mərkəzində saxlanılır.
Onun “Los Lobos” qruplaşmasına namizəd Vilyavisensionun hərəkətləri
ilə bağlı “həssas” məlumatlar ötürdüyü ehtimal olunur.
AleaQanın isə “qətlin həyata keçirilməsinə yönəlmiş tədbirləri
əlaqələndirdiyi” güman edilir. İspaniyada Ekvadora ekstradisiya
proseduru ilə üzləşən Pipo isə bir milyon dollar müqabilində qətli
planlaşdırmaqda şübhəli bilinir.
Qətllə əlaqəli beş nəfər 2024-cü ildə 34 ilədək müddətə
azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. İşlə əlaqəli olduğu
ehtimal edilən Kolumbiya vətəndaşı altı muzdlu qatil isə həbsxanada
öldürülüb.
Fernando Vilyavisensio siyasətə başlamazdan əvvəl jurnalist kimi
çalışıb və Rafael Korreanın hökumətindəki korrupsiya hallarını
araşdırıb. Onun korrupsiyaya qarşı apardığı araşdırmalarda Xavier
Jordanın da adı hallanıb.

