Azərbaycan-Qırğızıstan münasibətləri müttəfiqlik mərhələsinə qədəm qoyub – Rəy

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Qırğızıstana dövlət səfəri, iki ölkə arasında münasibətlərin artıq
müttəfiqlik səviyyəsinə yüksəldiyini və Mərkəzi Asiya ilə Cənubi
Qafqaz arasında körpülərin daha da möhkəmləndiyini nümayiş etdirir.
Dövlət başçılarının ali ordenlərlə təltif olunması, imzalanan
çoxsaylı sənədlər və Çolpon-Ata Bəyannaməsi iki qardaş dövlətin
müvafiq məsələlərdə eyni strateji xətti bölüşdüyünü sübut edir.

Bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

O bildirib ki, bu səfər çərçivəsində əldə olunan razılaşmalar
reallaşan irimiqyaslı layihələrin əhatə dairəsinin artırılmasına
xidmət edir:

“Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı qəbul
edilən qərarlar və xüsusilə birgə İnvestisiya Fondunun kapitalının
200 milyon dollara qaldırılması iqtisadi tərəfdaşlığımızın
istehsalat və investisiya mərhələsinə qədəm qoyduğunu göstərir.
Beşulduzlu “Bakı” hotelinin istifadəyə verilməsi isə ölkəmizin
regiondakı iqtisadi nüfuzunun və investisiya imkanlarının
təzahürüdür. Bu addımlar göstərir ki, Azərbaycan ilə Qırğızıstan
arasında qurulan münasibətlər gələcəyə yönəlmiş qarşılıqlı fayda
əldə edilməsinə uyğun siyasətin dayağıdır”.

Deputat vurğulayıb ki, iki ölkə arasındakı münasibətlərdə
mənəvi-mədəni bağlar və işğaldan azad edilmiş ərazilərin bərpasına
verilən dəstək xüsusi yer tutur:

“Ağdam rayonunda qardaş Qırğız xalqının töhfəsi ilə məktəbin
fəaliyyətə başlaması və eyni zamanda Bakıda, Bişkekdə xalqlarımızın
dahi şəxsiyyətlərinin adını daşıyan park və abidələrin ucaldılması
ortaq tarixi köklərimizin təzahürüdür. Dövlətimizin milli maraqlara
və qarşılıqlı hörmətə əsaslanan müstəqil diplomatiyası regional
sabitliyin və qardaşlıq münasibətlərinin uzunmüddətli dəstəkçisinə
çevrilib”.