
Bakı. Trend:
Son illər Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata
keçirdiyi ardıcıl xarici siyasət yeni keyfiyyət mərhələsinə qədəm
qoyur.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində
keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər və
xüsusilə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında
əməkdaşlığın yalnız siyasi deyil, təhlükəsizlik, iqtisadiyyat,
nəqliyyat, enerji və humanitar sahələrdə də uzunmüddətli strateji
xarakter aldığını nümayiş etdirir.
Bu səfər eyni zamanda Azərbaycanın Mərkəzi Asiyada
formalaşdırdığı etibarlı tərəfdaşlıq modelinin növbəti uğurlu
nümunəsi kimi qiymətləndirilə bilər.
Müttəfiqlik sənədi münasibətlərin yeni hüquqi-siyasi
əsasını formalaşdırır
Azərbaycanla Qırğızıstan arasında imzalanmış müttəfiqlik
müqaviləsi iki dövlətin münasibətlərində keyfiyyətcə yeni
mərhələnin başlanğıcı hesab olunur. İndiyədək strateji tərəfdaşlıq
üzərində qurulan əlaqələr artıq hüquqi baxımdan daha yüksək
səviyyəyə yüksəlib. Sənəd tərəflərin qarşılıqlı etimadını, siyasi
iradəsini və gələcək əməkdaşlıq niyyətini konkret öhdəliklər
sistemi ilə möhkəmləndirir.
Müqavilənin əsas ideoloji xətti beynəlxalq hüququn fundamental
prinsiplərinə söykənir. Dövlətlərin suverenliyinə hörmət, ərazi
bütövlüyünün toxunulmazlığı, daxili işlərə qarışmamaq, bərabərlik
və qarşılıqlı maraqların qorunması sənədin əsas sütunlarını təşkil
edir. Bu prinsiplər Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki
rəsmi Bakı uzun illər beynəlxalq münasibətlərdə məhz suverenlik və
ərazi bütövlüyü prinsipinin ardıcıl müdafiəçisi kimi çıxış edib.
Qırğızıstanın da bu yanaşmanı eyni mövqedən dəstəkləməsi iki ölkə
arasında siyasi etimadı daha da gücləndirir.
Diqqətçəkən məqamlardan biri tərəflərin bir-birinə qarşı
yönəlmiş hər hansı siyasi və ya hərbi bloklarda iştirak
etməyəcəklərini təsdiqləmələridir. Bu yanaşma münasibətlərin hər
hansı üçüncü tərəfə qarşı deyil, qarşılıqlı maraqlara əsaslandığını
göstərməklə yanaşı, dövlətlərin müstəqil qərarvermə hüququna
verilən önəmi də ortaya qoyur.
Təhlükəsizlik əməkdaşlığı yeni məzmun
qazanır
Müttəfiqlik münasibətlərinin ən mühüm istiqamətlərindən biri
təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət mexanizmlərinin
genişləndirilməsidir. Müqaviləyə əsasən, tərəflərdən hər hansı biri
üçün üçüncü dövlət tərəfindən silahlı təhlükə yarandığı qənaətinə
gəlinərsə, Azərbaycan və Qırğızıstan dərhal məsləhətləşmələr
aparacaq və vəziyyətin siyasi-diplomatik yollarla aradan
qaldırılması üçün koordinasiyalı fəaliyyət göstərəcəklər.
Bu mexanizm klassik hərbi ittifaq modelindən fərqli olaraq
beynəlxalq hüququn normaları çərçivəsində qarşılıqlı dəstək və
siyasi koordinasiyanı nəzərdə tutur. Eyni zamanda sənəddə hər iki
ölkənin beynəlxalq təşkilatlar daxilində də qarşılıqlı fəaliyyət
göstərməsi xüsusi vurğulanır. Bu isə Azərbaycanın beynəlxalq
platformalarda tərəfdaş ölkələrlə formalaşdırdığı həmrəyliyin daha
da güclənməsi deməkdir.
Müasir geosiyasi proseslər göstərir ki, təhlükəsizlik anlayışı
artıq yalnız klassik hərbi risklərlə məhdudlaşmır. Hibrid
müharibələr, informasiya manipulyasiyaları, kibertəhdidlər və
transmilli cinayətkarlıq dövlətlər arasında daha sıx koordinasiya
tələb edir. Azərbaycan və Qırğızıstan arasında təhlükəsizlik
sahəsində nəzərdə tutulan yeni əməkdaşlıq mexanizmləri məhz bu
dəyişən reallıqlara cavab verir.
Xarici siyasətdə ortaq mövqelər daha da
möhkəmlənəcək
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha
göstərdi ki, Bakı və Bişkek beynəlxalq gündəlikdə yer alan bir çox
məsələlər üzrə oxşar baxışlara malikdir. Müttəfiqlik müqaviləsi bu
yaxınlaşmanı institusional müstəviyə keçirərək xarici siyasət
sahəsində müntəzəm məsləhətləşmələrin keçirilməsini, beynəlxalq və
regional təşkilatlarda qarşılıqlı dəstəyin gücləndirilməsini
nəzərdə tutur.
Bu əməkdaşlıq modeli yalnız ikitərəfli münasibətlərin inkişafına
deyil, Türk Dövlətləri Təşkilatı (TDT) başda olmaqla müxtəlif
beynəlxalq platformalarda ortaq təşəbbüslərin irəli sürülməsinə də
əlavə imkan yaradır. Son illərdə Türk dünyasında inteqrasiyanın
sürətlənməsi fonunda Azərbaycan və Qırğızıstanın vahid mövqedən
çıxış etməsi təşkilatın siyasi çəkisinin artmasına da mühüm töhfə
verir.
Müdafiə və hərbi-texniki əməkdaşlıq strateji
tərəfdaşlığın mühüm sütunudur
Sənəddə hərbi və hərbi-texniki əməkdaşlığın ayrıca istiqamət
kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Müasir təhlükəsizlik
mühitində ordular arasında təcrübə mübadiləsi, peşəkar hazırlıq
proqramları, müdafiə sənayesi üzrə əməkdaşlıq və yeni
texnologiyaların tətbiqi dövlətlərin müdafiə qabiliyyətinin
gücləndirilməsində mühüm rol oynayır.
Azərbaycan son illərdə hərbi quruculuq sahəsində qazandığı
təcrübə ilə regionun aparıcı ölkələrindən birinə çevrilib. Bu
baxımdan qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Qırğızıstan üçün
də yeni imkanlar açır. Eyni zamanda belə əməkdaşlıq Cənubi Qafqazla
Mərkəzi Asiya arasında təhlükəsizlik sahəsində yeni tərəfdaşlıq
modelinin formalaşmasına xidmət edir.
Parlament diplomatiyası siyasi dialoqu
tamamlayacaq
Azərbaycanla Qırğızıstan arasında münasibətlərin yalnız dövlət
başçıları səviyyəsində deyil, qanunverici orqanlar vasitəsilə də
inkişaf etdirilməsi müttəfiqliyin davamlılığını təmin edən əsas
mexanizmlərdən biridir. Parlamentlərarası əməkdaşlığın
genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi,
qanunvericilik sahəsində təcrübə mübadiləsinin artırılması və
dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi siyasi dialoqu
daha da institusionallaşdıracaq.
Bu istiqamət həm də xalqlar arasında əlaqələrin möhkəmlənməsinə,
ictimai diplomatiyanın inkişafına və uzunmüddətli etimad mühitinin
formalaşmasına xidmət edir. Dövlətlərarası münasibətlərin yalnız
hökumətlər səviyyəsində deyil, parlamentlər və cəmiyyətlər arasında
da dərinləşməsi Azərbaycan-Qırğızıstan tərəfdaşlığının dayanıqlı
xarakterini gücləndirən əsas amillərdən biridir.
İqtisadi əməkdaşlıq yeni inkişaf mərhələsinə daxil
olur
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində
əldə olunan razılaşmalar göstərdi ki, Azərbaycan və Qırğızıstan
münasibətlərinin gələcək inkişafı təkcə siyasi dialoqla
məhdudlaşmır. Müttəfiqlik münasibətlərinin iqtisadi dayaqlarının
gücləndirilməsi, yeni investisiya layihələrinin təşviqi və
qarşılıqlı iqtisadi maraqların uzlaşdırılması tərəflərin əsas
prioritetlərindən birinə çevrilib. İmzalanmış müqavilə də məhz bu
məqsədə xidmət edərək iqtisadi əməkdaşlığı geniş spektrdə əhatə
edir.
Sənəddə energetika, bərpaolunan enerji mənbələri, nəqliyyat və
logistika, rəqəmsal inkişaf, yüksək və peyk texnologiyaları, kənd
təsərrüfatı, dağ-mədən sənayesi, turizm və digər istiqamətlər
qarşılıqlı əməkdaşlığın prioritet sahələri kimi müəyyənləşdirilib.
Bu yanaşma göstərir ki, tərəflər münasibətləri ənənəvi siyasi
çərçivədən çıxararaq iqtisadi inteqrasiyanı uzunmüddətli strateji
əməkdaşlığın əsas sütunlarından biri kimi qiymətləndirirlər.
Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi islahatlar,
əlverişli investisiya mühiti və müasir infrastruktur imkanları
Qırğızıstan üçün yeni əməkdaşlıq perspektivləri yaradır. Eyni
zamanda, Qırğızıstanın Mərkəzi Asiyada malik olduğu coğrafi mövqe
və iqtisadi potensial iki ölkənin biznes dairələri arasında
əlaqələrin daha da genişlənməsinə əlavə stimul verir.
Yaşıl enerji istiqaməti strateji əhəmiyyət
qazanır
Müttəfiqlik müqaviləsində enerji sektoru xüsusi yer tutur.
Xüsusilə bərpaolunan enerji mənbələri üzrə əməkdaşlığın ayrıca qeyd
olunması tərəflərin qlobal enerji transformasiyasının yaratdığı
yeni imkanları düzgün qiymətləndirdiyini göstərir.
Azərbaycan artıq yaşıl enerji gündəliyini dövlət siyasətinin
əsas istiqamətlərindən birinə çevirib. Qarabağ və Şərqi Zəngəzurun
“yaşıl enerji zonası” elan olunması, günəş və külək enerjisi üzrə
iri beynəlxalq layihələrin icrası ölkənin bu sahədə mövqeyini
əhəmiyyətli dərəcədə gücləndirib. Qırğızıstan isə zəngin
hidroenerji ehtiyatlarına malikdir. Hər iki ölkənin fərqli enerji
üstünlükləri qarşılıqlı texnologiya mübadiləsi, investisiya
layihələri və yeni enerji həllərinin hazırlanması üçün əlverişli
zəmin formalaşdırır.
Enerji təhlükəsizliyinin beynəlxalq münasibətlərdə strateji
əhəmiyyət qazandığı dövrdə bu istiqamətdə əməkdaşlığın genişlənməsi
həm iqtisadi, həm də siyasi baxımdan iki ölkənin maraqlarına cavab
verir.
Orta Dəhliz və logistika əməkdaşlığı yeni imkanlar
yaradır
Azərbaycan-Qırğızıstan münasibətlərinin ən mühüm
istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsində
əməkdaşlığın dərinləşdirilməsidir. Müttəfiqlik sənədi beynəlxalq
nəqliyyat dəhlizlərinin inkişafı, tranzit imkanlarının artırılması
və logistika infrastrukturunun əlaqələndirilməsi üçün hüquqi və
institusional əsasları daha da möhkəmləndirir.
Azərbaycan son illərdə Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat
qovşaqlarından birinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir avtomobil
magistralları və logistika mərkəzləri ölkənin tranzit imkanlarını
əhəmiyyətli dərəcədə genişləndirib. Qırğızıstanın Mərkəzi Asiyada
yerləşməsi isə bu marşrutların daha geniş coğrafiyanı əhatə
etməsinə imkan verir.
Bu baxımdan əməkdaşlıq yalnız iki dövlət arasında yükdaşımaların
artmasına xidmət etmir. Eyni zamanda, Cənubi Qafqazla Mərkəzi Asiya
arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə, Orta Dəhlizin
rəqabət qabiliyyətinin yüksəlməsinə və region ölkələrinin qlobal
bazarlara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Rəqəmsal inkişaf və kosmik texnologiyalar əməkdaşlığın
yeni istiqamətləridir
Müttəfiqlik münasibətlərinin diqqətçəkən tərəflərindən biri də
yüksək texnologiyalar və peyk sənayesinin prioritet əməkdaşlıq
sahələri sırasına daxil edilməsidir. Bu yanaşma göstərir ki, Bakı
və Bişkek gələcəyin iqtisadiyyatını formalaşdıran innovativ sahələr
üzrə də ortaq fəaliyyət göstərmək niyyətindədir.
Azərbaycan artıq peyk xidmətləri, rəqəmsal dövlət idarəçiliyi və
informasiya texnologiyaları sahəsində mühüm təcrübə qazanıb. Bu
imkanların Qırğızıstanla paylaşılması, birgə layihələrin həyata
keçirilməsi və innovasiya ekosistemlərinin inkişaf etdirilməsi hər
iki ölkənin rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edə
bilər.
Bununla yanaşı, kibertəhlükəsizlik, rəqəmsal xidmətlər və müasir
texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqi üzrə
əməkdaşlıq dövlət idarəçiliyinin səmərəliliyinin artırılması
baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Humanitar əlaqələr strateji tərəfdaşlığın sosial əsasını
möhkəmləndirir
Azərbaycan və Qırğızıstan münasibətlərinin dayanıqlığını təmin
edən əsas amillərdən biri ortaq tarixi köklər, dil, mədəniyyət və
mənəvi dəyərlərdir. Türk dünyasının ayrılmaz hissəsi olan hər iki
xalq arasında mövcud olan yaxınlıq dövlətlərarası münasibətlərin
inkişafı üçün etibarlı sosial baza yaradır.
Müttəfiqlik müqaviləsində təhsil, elm, səhiyyə, mədəniyyət,
idman, ədəbiyyat, incəsənət və mədəni irsin qorunması sahələrində
əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Tələbə və müəllim
mübadiləsi, birgə elmi proqramlar, ortaq mədəni layihələr və
akademik əməkdaşlıq gələcək nəsillər arasında əlaqələrin daha da
möhkəmlənməsinə xidmət edəcək.
Regionlararası əməkdaşlığın inkişaf etdirilməsi də sənədin mühüm
istiqamətlərindən biridir. Müxtəlif şəhərlər və bölgələr arasında
birbaşa əlaqələrin qurulması, biznes və turizm əlaqələrinin
genişləndirilməsi, humanitar layihələrin həyata keçirilməsi
münasibətlərin cəmiyyətlər səviyyəsində daha da dərinləşməsinə
şərait yaradacaq.
Azərbaycanın Mərkəzi Asiya strategiyası ardıcıl şəkildə
genişlənir
Qırğızıstanla imzalanmış müttəfiqlik müqaviləsi Azərbaycanın
Mərkəzi Asiya siyasətində növbəti mühüm mərhələni təşkil edir. Bu
sənəd Azərbaycanın region dövlətləri ilə imzaladığı üçüncü
müttəfiqlik sənədidir.
Azərbaycan ilə Qazaxıstan arasında 24 may 2005-ci ildə “Strateji
tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”
imzalanıb. Daha sonra 24 avqust 2022-ci ildə strateji
münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı
fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə qəbul edilib. 23
avqust 2024-cü ildə isə Azərbaycan və Özbəkistan müttəfiqlik
münasibətləri haqqında müqavilə imzalayıblar.
Bununla yanaşı, 8 avqust 2017-ci ildə Türkmənistanla Strateji
tərəfdaşlıq haqqında Bəyannamənin, 23 may 2024-cü ildə isə
Tacikistanla Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin sistemli
və ardıcıl şəkildə inkişaf etdiyini təsdiqləyir.
Beləliklə, Azərbaycan artıq Mərkəzi Asiyada ayrı-ayrı
dövlətlərlə ikitərəfli münasibətlərdən daha geniş miqyaslı regional
tərəfdaşlıq modelini formalaşdırır. Bu siyasətin əsas məqsədi
siyasi etimadı möhkəmləndirmək, iqtisadi inteqrasiyanı
genişləndirmək, nəqliyyat əlaqələrini gücləndirmək və Türk
dünyasında əməkdaşlığın praktik məzmununu zənginləşdirməkdir.
Yeni geosiyasi reallıqlar fonunda strateji
tərəfdaşlıqdan müttəfiqliyə
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki,
Azərbaycanın Mərkəzi Asiya siyasəti artıq konkret nəticələr verən,
hüquqi mexanizmlərlə möhkəmləndirilən və uzunmüddətli perspektivə
hesablanmış strateji xəttə çevrilib. Müttəfiqlik münasibətlərinin
rəsmiləşdirilməsi yalnız Bakı ilə Bişkek arasında əlaqələrin yeni
mərhələyə yüksəlməsi demək deyil. Bu addım eyni zamanda Cənubi
Qafqazla Mərkəzi Asiya arasında formalaşan yeni əməkdaşlıq
arxitekturasının mühüm elementidir.
Təhlükəsizlik, xarici siyasət, müdafiə, iqtisadiyyat,
energetika, logistika, yüksək texnologiyalar, humanitar əlaqələr və
regionlararası əməkdaşlığı vahid strateji çərçivədə birləşdirən bu
sənəd iki ölkənin münasibətlərinə uzunmüddətli sabitlik qazandırır.
Eyni zamanda, Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan və
Tacikistanla qurduğu strateji tərəfdaşlıq və müttəfiqlik modeli
Mərkəzi Asiya ilə əlaqələrin artıq sistemli dövlət siyasətinə
çevrildiyini təsdiqləyir.
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik
xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiyada etibarlı
tərəfdaş, təşəbbüskar dövlət və regionlararası əməkdaşlığın aparıcı
iştirakçısı kimi mövqeyini daha da möhkəmləndirir. Qırğızıstana
dövlət səfərinin yekunları göstərir ki, bu əməkdaşlıq modeli
qarşıdakı illərdə yeni iqtisadi layihələrin reallaşmasına,
investisiyaların artmasına, Orta Dəhlizin imkanlarının
genişlənməsinə, Türk dünyasında inteqrasiyanın sürətlənməsinə və
Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında strateji tərəfdaşlığın
daha da dərinləşməsinə mühüm töhfə verəcək.

