
Bakı. Trend:
Azərbaycanda satınalan təşkilat tərəfindən icra və ya avans
təminatının təqdim edilməsinin mümkün olmadığı müəyyənləşdirilən
qeyri-rezident hüquqi və fiziki şəxslərin bu öhdəlikdən azad
olunmasına dair hüquqi mexanizmin yaradılması təklif edilir.
Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü
iclasında müzakirə edilən “Dövlət satınalmaları haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Müzakirələr zamanı bildirilib ki, dövlət xəzinədarlığı
vasitəsilə büdcə təşkilatlarının xarici təchizatçılardan aldığı
mal, iş və xidmətlər üzrə yaranan öhdəliklərin ödənilməsi
prosesində bəzi qurumlar satınalma müqavilələrinə uyğun olaraq
xarici təchizatçılardan icra və ya avans təminatı tələb edir. Lakin
bir sıra hallarda həmin təminatların təqdim edilməsinin mümkün
olmadığı müəyyən edilir.
Mövcud qanunvericilikdə bununla bağlı istisna nəzərdə
tutulmadığından, tələb olunan sənədlərin təqdim edilməməsi
xəzinədarlıq orqanlarının ödəniş həyata keçirməsinə mane olur.
Nəticədə isə müvafiq mal, iş və xidmətlərin alınması prosesi
ləngiyir və ya baş tutmur.
Layihəyə əsasən, nəzarət orqanının və aidiyyəti dövlət qurumunun
təklifləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qurum tərəfindən qeyri-rezident hüquqi və ya fiziki
şəxsin icra və ya avans təminatı təqdim etmək öhdəliyindən azad
olunması və ya bu tələbdən azad edilməsindən imtina barədə qərar
qəbul edilə biləcək.
Dəyişiklik qəbul olunacağı təqdirdə, bir mənbədən satınalma
metodunun tətbiq edildiyi və xarici təchizatçının icra və ya avans
təminatı təqdim etməsinin mümkün olmadığı hallarda büdcə
təşkilatlarının həmin təchizatçılar qarşısında öhdəliklərini yerinə
yetirməsi ilə bağlı dövlət xəzinədarlığında yaranan çətinliklərin
aradan qaldırılması nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

