
“Barselona” hücum xəttini gücləndirmək üçün bir neçə ulduz futbolçunu transfer siyahısına daxil edib.
Metbuat.az xəbər verir ki, Kataloniya klubu hazırda Xulian Alvares, Harri Keyn, Aleksandr İsak və Viktor Osimhen kimi hücumçuları nəzərdən keçirir. Robert Levandovskinin mümkün gedişindən sonra Osimhen də klubun əsas hədəflərindən biri olub. İddialara görə, siyahıda birinci yerdə “Atletiko Madrid”də çıxış edən Xulian Alvares yer alıb. Lakin “Atletiko”nun müqaviməti səbəbindən transferin çətin olduğu qeyd edilir və “Barselona” diqqətini “Bavariya”nın hücumçusu Harri Keynə yönəldib. İngiltərəli futbolçunun hələlik Münhen klubunda qalmaq istədiyi, lakin Dünya Kubokundan sonra tərəflər arasında görüşün keçiriləcəyi bildirilir.
Məlumata görə, “Barselona” həmçinin “Liverpul”da çıxış edən Aleksandr İsakı da gündəmdə saxlayır, lakin isveçli hücumçu yaxın müddətdə klubunu dəyişmək istəmir. Bu səbəbdən Kataloniya təmsilçisi “Qalatasaray”ın 75 milyon avroya transfer etdiyi Viktor Osimhenin transferini nəzərdən keçirir. “Qalatasaray”ın isə 150 milyon avrodan aşağı təklifləri qəbul etməyəcəyi bildirilir.

