
Fransa yeni hipersəs raketi hazırlayır. Bu, ölkənin nüvə çəkindirmə, yəni müdafiə xarakterli təhlükəsizlik sisteminin gücləndirilməsi məqsədilə hazırlanır.
Modern.az xəbər verir ki, bu barədə UNIAN Fransanın müdafiə sənayesindəki mənbələrə istinadən məlumat yayıb.
Sistem potensial rəqibləri hərbi hücumlardan çəkindirməyə hesablanıb. Beləliklə, Fransa hakimiyyəti ölkənin yeni nəsil nüvə çəkindirmə sisteminin bir hissəsi olacaq ASN4G hipersəs raketinin hazırlanmasına rəsmən start verib.
Məlumata görə, Fransa Müdafiə Satınalmaları Agentliyi (DGA) raketin hazırlanması ilə bağlı müqaviləni Avropanın iri raket istehsalçılarından biri olan MBDA şirkətinə həvalə edib. Yeni raket hazırda Fransa ordusunun arsenalında olan ASMPA-R raketlərini əvəz etməlidir.
Qeyd edilir ki, ASN4G (Air-Sol Nucléaire de 4ème Génération) hipersəs sürətində hərəkət edə biləcək və Fransanın hava əsaslı nüvə çəkindirmə qabiliyyətini gücləndirəcək. Raketin 2035-ci ildə silahlanmaya qəbul edilməsi planlaşdırılır.

