
Bakı. Trend:
Azərbaycan məktəblərində “Son zəng” tədbirləri iyunun 13-də
keçiriləcək.
Elm və Təhsil Nazirliyi xəbər verir ki, bu il ölkənin ümumi
təhsil müəssisələrinin XI siniflərini təxminən 116 min şagird
bitirir. Paytaxt məktəblərində isə bu il 37 222 nəfər məzun
olur.
Nazirliyin təhsil müəssisələrinə göndərdiyi təlimata əsasən,
“Son zəng” tədbiri 13 iyun 2026-cı il tarixində saat 09:00-da
başlamalı və ən gec iki saat ərzində başa çatdırılmalıdır.
Tədbirdə I və XI sinif şagirdlərinin valideynləri (qəyyumları və
ya himayəçiləri), təhsili idarəetmə orqanlarının nümayəndələri
(ETN, MÜTDA, BŞTİ, RTİ), asayişin qorunması üçün əvvəlcədən müəyyən
edilmiş polis əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının
nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də
məktəbin ictimai-sosial həyatında fəal iştirak edən valideynlər
iştirak edə bilərlər.
Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış
qaydalarına da xüsusi yer ayrılıb. Qeyd olunub ki, şagirdlər
tədbirdə məktəbli formasında iştirak etməli, məzunların xarici
görünüşü təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına
uyğun və səliqəli olmalıdır. Tədbirdə Azərbaycan Respublikasının
Dövlət Bayrağının müşayiəti ilə himnin səsləndirilməsinə yol
verilir.
Sənədə əsasən, tədbir zamanı dəvət olunmuş rəsmi şəxslər üçün
xüsusi hazırlıq işləri aparılmamalı, masalarda yalnız içməli su
yerləşdirilməlidir. Həmçinin həmin şəxslərə gül dəstələri və
hədiyyələrin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi isə
yalnız məktəbin daxili imkanları hesabına təşkil edilməlidir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də “Son zəng” tədbirləri
ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və
fiziki şəxslərə müraciət edib. Qurum onları məsuliyyətli davranmağa
çağıraraq bildirib ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi
zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və
avtomobili idarə etmək hüququna xüsusi diqqət yetirilməlidir.
Müraciətdə vurğulanıb ki, “Son zəng” tədbirləri ilə bağlı
əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan
şəxslərə avtomobil təqdim edilməməlidir.
Dövlət Yol Polisi xəbərdarlıq edib ki, belə halların aşkar
edilməsi zamanı qanunvericiliyə uyğun tədbirlər görüləcək.

