Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

Baş səhifə

Bakı. Trend:

Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri
arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə
heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva
nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Audra Plepite
rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan ilə Litva arasında mövcud
siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub
və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin davamlı xarakter
daşımasının əhəmiyyəti vurğulanıb.

Məsləhətləşmələr çərçivəsində ticarət-iqtisadi, humanitar, elm
və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları
nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və
iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri
kontekstində əməkdaşlığın gələcək perspektivləri
dəyərləndirilib.

Daha sonra, müqavilə-hüquq bazasının genişləndirilməsi
istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi
aparılıb.

Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin və qarşılıqlı
fəaliyyətin davam etdirilməsi və namizədliklərin qarşılıqlı
dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.

Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad
edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa,
yenidənqurma və mina təhlükəsinin aradan qaldırılması istiqamətində
görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və
beynəlxalq məsələlər də müzakirə olunub.

Səfər çərçivəsində F.Rzayev həmçinin Litvanın digər rəsmi
şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat
mərkəzində deyirmi masa müzakirələrində iştirak edib.