Bakı.Trend:
Abşeron yarımadasının şimal-qərb hissəsini Bakı şəhərinin şərq
və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək
Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası
planlaşdırılır.
Yeni yol nəqliyyat axınlarının daha balanslı bölüşdürülməsinə,
mövcud magistrallardakı yükün azalmasına və Bakı nəqliyyat
sistemində yeni alternativ bağlantının formalaşmasına imkan
yaradacaqmı?
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında
bildirib ki, hər hansı bir layihəyə qiymət verilərkən ona ayrıca
bir yol layihəsi kimi deyil, Dövlət Proqramında nəzərdə tutulmuş
kompleks tədbirlər planının tərkib hissəsi kimi baxmaq
lazımdır.
Onun sözlərinə görə, burada söhbət yalnız bir avtomobil yolundan
getmir. Proqram çərçivəsində dairəvi, radial və əlaqələndirici
yolların inşası ilə yanaşı, relsli nəqliyyatın inkişafı da nəzərdə
tutulub.
“Bu tədbirlərə şəhərdaxili metro şəbəkəsinin genişləndirilməsi,
şəhərətrafı elektrik qatarlarının inkişafı və tramvay xətlərinin
çəkilməsi daxildir. Həmçinin sözügedən radial yol layihəsinin
tərkib hissəsi kimi tramvay xəttinin inşası da planlaşdırılır.
Layihə ümumilikdə şəhərin nəqliyyat sisteminin inkişafına mühüm
töhfə verəcək və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni bir
bağlantı formalaşdıracaq. Hazırda Şimal-Cənub istiqamətini
əlaqələndirən əsas magistral Azadlıq prospektidir. Digər alternativ
marşrut isə hələ tam başa çatdırılmayıb. Həmin marşrut Pirşağıdan
Böyük Şora, oradan Dərnəgül vasitəsilə Böyük İpək Yolu prospektinə
çıxır. Gələcəkdə onun Şəfa stadionunadək uzadılması, daha sonra isə
Babək və 8 Noyabr prospektləri ilə əlaqələndirilməsi nəzərdə
tutulur”, – deyə o vurğulayıb.
Ekspertin fikrincə, yeni yol istifadəyə verildikdən sonra
Azadlıq prospektinin üzərinə düşən nəqliyyat yükünün əhəmiyyətli
hissəsini öz üzərinə götürə biləcək.
“Layihənin mühüm üstünlüklərindən biri də yolun tərkibində
tramvay xəttinin nəzərdə tutulmasıdır. Bu xətt Mehdiabaddan
başlayaraq vahid şəbəkə prinsipi əsasında qurulacaq və şəhərdə
planlaşdırılan beş əsas tramvay istiqamətindən birinə çevriləcək.
Bu isə həm ictimai nəqliyyatın əlçatanlığını artıracaq, həm də daha
ekoloji və dayanıqlı nəqliyyat sisteminin formalaşmasına töhfə
verəcək”, – deyə R.Ağamirzəyev əlavə edib.


