ABŞ silah ehtiyatlarını artırmaq üçün volfram mənbələri axtarır

Baş səhifə

Bakı. Trend:

ABŞ İrana qarşı müharibə zamanı istifadə olunan silah
ehtiyatlarını bərpa etmək məqsədilə volfram mənbələrini fəal
şəkildə axtarır.

Trend xəbər verir ki,
bu barədə “NBC News” məlumat yayıb.

Telekanalın qeyd etdiyi kimi, volfram qırıcı təyyarələrin,
bunker dağıdan bombaların, zirehdələn mərmilərin və raket
sistemlərinin istehsalında istifadə olunur. Bildirilir ki, 2015-ci
ildən etibarən ABŞ-də bu metalın hasilatı ilə məşğul olan heç bir
mədən qalmayıb. Məlumatda, həmçinin vurğulanır ki, Çin həm volfram
hasilatı, həm də emalı sahəsində dünya lideridir.




Hazırkı şəraitdə ABŞ Koreya Respublikasında yerləşən volfram
mədəninin fəaliyyətini yenidən bərpa etməyə çalışır. Bildirilir ki,
Amerika şirkəti “Almonty Industries” ölkənin şərqində yerləşən və
30 il bağlı qalan mədəndə yenidən fəaliyyətə başlayıb.

Şirkətin baş direktoru Luis Blek “NBC News”a bildirib ki, son
onilliklərdə əsasən hərbi-sənaye kompleksində istifadə olunan
volframa texnologiya sektorunda da tələbat artıb.

Aprelin sonunda “The Wall Street Journal” yazıb ki, ABŞ İranla
müharibə zamanı 1000-dən çox “Tomahawk” raketi, eləcə də THAAD və
“Patriot” sistemləri üçün 1500–2000 arası hava hücumundan müdafiə
raketi sərf edib. Nəşrin məlumatına görə, bu ehtiyatların tam
bərpası altı ilə qədər davam edə bilər.