
Bakı. Trend:
Azərbaycanda imzalanan müqavilələr misilsiz əhəmiyyətə malikdir.
Bütün bu müqavilələr ölkəmizin iqtisadi inkişafı, enerji
təhlükəsizliyi və tranzit funksiyamızın gücləndirilməsi üçün
fundamental əhəmiyyətə malikdir.
Trend xəbər verir ki,
bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi LIVE”
verilişində bildirib. Hökumət başçısı Azərbaycan tərəfinə təşəkkür
edib.
“Əslində nəticələr göstərir ki, ölkəmizin Orta Dəhlizdəki rolu
daim artır, bütövlükdə Orta Dəhlizin rolu da artır. 2020-ci ildən
bəri Orta Dəhlizdə yük dövriyyəsi 7 dəfə artıb. Əlbəttə ki, biz
bundan maksimum dərəcədə istifadə etməliyik və istifadə edirik. Bu
baxımdan, Azərbaycanda imzaladığımız müqavilələr misli görünməmiş
əhəmiyyətə malikdir. Müxtəlif istiqamətlərdə müqavilələr imzalanıb
və bunların hamısı tranzit funksiyamızın inkişafı ilə bağlıdır. Bu,
çox faydalı müqavilələrin imzalandığı qaz idxalı və qaz tranziti
ilə bağlıdır. Ən əsası, biz uyğun qiymətlər, müvafiq həcmlər əldə
etdik ki, bu da ölkəmizin enerji təhlükəsizliyi üçün son dərəcə
vacibdir və biz Azərbaycan tərəfinə təşəkkür etməliyik. Bunlar iki
hökumət arasında standart danışıqlar deyildi. Bu bizə bütün
məsələlər üzrə çox düzgün razılaşma verən dostlar arasında dialoq
idi”, – deyə Baş nazir vurğulayıb.
Qaz idxalı və tranzit məsələlərinə toxunan hökumət başçısı
deyib: “Bu, elektrik enerjisinin idxalı və tranzitinə, eləcə də son
3 ildə dayandırılmış Bakı-Tbilisi-Supsa boru kəmərinə aiddir. Ölkə
ildə on milyonlarla lari məbləğində potensial gəlir itirirdi. Bu
boru kəmərinin fəaliyyəti bərpa olunacaq və bunun üçün də yaxşı
şərait var”.
“Təbii qazın alışı üzrə Azərbaycanla 20 illik müqavilənin
müddəti başa çatırdı. Amma Azərbaycan tərəfi ilə aparılan səmərəli
danışıqlar nəticəsində müqavilənin müddəti daha 20 il uzadıldı.
Dəmir yoluna gəldikdə isə, ayın sonundan etibarən
Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək. Eyni zamanda,
Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu nəqliyyatı
bərpa olunub. Bütün bu razılaşmalar ölkəmizin iqtisadi cəhətdən
möhkəmlənməsi, enerji təhlükəsizliyi və tranzit funksiyamızın
gücləndirilməsi üçün fundamental əhəmiyyət kəsb edir. Bir daha
Azərbaycan tərəfinə dost münasibətinə və müvafiq razılaşmaya görə,
təşəkkür etmək istəyirəm”, – deyə Baş nazir qeyd edib.

