
Bakı.Trend:
ABŞ silahlı qüvvələri İrana qarşı dəniz blokadasını tam gücü ilə
davam etdirir.
Trend xəbər verir
ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının
(CENTCOM) rəsmi “X” səhifəsində qeyd olunur.
Məlumata görə, İrana qarşı tətbiq olunan blokada çərçivəsində
İslam Respublikasının limanlarına daxil olmağa və onu tərk etməyə
çalışan ticarət gəmiləri saxlanılaraq istiqaməti dəyişdirilir.
Blokada çərçivəsində artıq 89 ticarət gəmisi saxlanılaraq geri
döndərilib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

