
Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13)
hazırlıq çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində
“Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda
dəyirmi masa keçirilib. Tədbirdə “Norm” ASC-nin Baş icraçı
direktoru Henning Sasse təqdimatla çıxış edib.
Sement istehsalçılarının dayanıqlı şəhərlərin inşasında rolundan
bəhs edən Henning Sasse, istehsal zamanı xammal istifadəsinə
məsuliyyətli yanaşmanın əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu
gün “Norm” şirkətinin istehsal zamanı istifadə etdiyi xammalın
təxminən 80%-i ikinci dərəcəli xammaldır. Xüsusilə, daş istehsalı
fəaliyyətindən əmələ gələn tullantı əhəngdaşı sement istehsalında
mühüm xammal kimi istifadə olunur.
Henning Sasse vurğulayıb ki, ikinci dərəcəli xammalın
uzunmüddətli təmin edilməsi sənayenin dayanıqlı inkişafı üçün
vacibdir. Bu kontekstdə, “Norm Sement” zavodunun əhəngdaşı
tullantılarına uzunmüddətli əlçatanlığının olmasının, ən yaxşı
halda, 50 ilə qədər müddətdə ehtiyat və təchizatın mövcudluğunun
əhəmiyyətini qeyd edib. O, bildirib ki, dayanıqlı şəhərsalmanın
əsas şərtlərindən biri istehsal proseslərinin dairəvi iqtisadiyyatı
dəstəkləməsini təmin etməkdir.
Bundan əlavə, o, sement sənayesində alternativ yanacaqların
istifadəsinin artırılmasının vacibliyindən danışıb. Bu yanacaqların
hazırda istehsal zamanı istifadə olunan təbii qazı qismən əvəz edə
biləcəyindən, bunun da Azərbaycanın həmin qaz ehtiyatlarını ölkə
daxilində, yaxud ixrac və digər məqsədlər üçün istifadə etməsinə
imkan verəcəyindən bəhs edib. Bu baxımdan, “Norm” və bütövlükdə
sement sənayesinin alternativ yanacaqlardan istifadəsinin sement
istehsalçılarına fayda verməklə yanaşı, Azərbaycan iqtisadiyyatına
töhfə verəcəyini bildirib.
O, əlavə edib ki, sement sektorundakı innovasiyalar və əldə
edilən irəliləyişlər bu yanaşmanın tətbiqini genişləndirir:
“Norm məhsulları dayanıqlı inkişafı dəstəkləyir. Beynəlxalq
təcrübəyə uyğun olaraq biz CO2 emissiyaları aşağı olan sement və
beton məhsullarını bazara təqdim etməyə artıq başlamışıq.
Məhsullarla yanaşı, biz inşaat tərəfində də müəyyən işlər görürük,
memarlarla əməkdaşlıq etməklə və beynəlxalq standartları qəbul
etməklə, şəhərlərin dayanıqlı inşası üçün addımlar
atırıq”.
Henning Sasse, çıxışının sonunda, qoyulan hədəflərə çatmaq üçün
digər lazımi amilləri, eləcə də qanunvericilik, siyasət və
standartlara olan ehtiyacı da vurğulayıb.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

