İzmir bələdiyyəsində əməliyyat – Sədr və başqaları saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İzmir şəhərinin Buca rayon bələdiyyəsi və ona bağlı
qurumlara qarşı genişmiqyaslı korrupsiya əməliyyatı həyata
keçirilib. Əməliyyat çərçivəsində Bələdiyyə sədri Görkəm Duman da
daxil olmaqla çoxsaylı şəxs saxlanılıb.

Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.




İzmir Respublika Baş Prokurorluğununun əməliyyatla bağlı
bəyanatına görə, istintaq çərçivəsində İzmir Polis İdarəsinin
Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən aparılan
araşdırmaların nəticəsində Buca Bələdiyyəsi və ona bağlı qurumlara
qarşı genişmiqyaslı korrupsiya əməliyyatı başlanılıb.

Əldə olunan sübutlar əsasında bələdiyyə rəhbərləri, əməkdaşları
və şirkət sahiblərinin də daxil olduğu ümumilikdə 62 şübhəli şəxsə
qarşı iyunun 1-də mərkəzi İzmir olmaqla 6 vilayətdə eyni vaxtda
əməliyyat keçirilib. Aparılan texniki və fiziki müşahidələr
nəticəsində bələdiyyənin imkan və resurslarından istifadə edilərək
cinayət təşkilatının yaradıldığı və idarə olunduğu; rayonda həyata
keçirilən tikinti layihələri çərçivəsində podratçılarla bələdiyyə
rəhbərləri və əməkdaşları arasında rüşvət alınıb-verildiyi;
şəhərsalma və tikinti icazələri ilə bağlı proseslərdə qanun
pozuntularına yol verildiyi və bələdiyyə rəhbərliyinin bu
proseslərdə fəal iştirak etdiyi; bələdiyyəyə bağlı qurumların
kredit kartları, bank hesabları və nəqliyyat vasitələrinin şəxsi
xərclər və yerləşdirmə məqsədləri üçün istifadə edildiyi; bələdiyyə
haqqında xəbər hazırlayan və ya sosial şəbəkələrdə paylaşım edən
bəzi şəxslərin döyüldüyü; faktiki işləməyən şəxslərə əməkhaqqı və
müxtəlif ödənişlərin verildiyi müəyyən edilib.