AİB-nin İllik Toplantısı çərçivəsində Azərbaycan nümayəndə heyəti işgüzar görüşlər keçirib

Baş səhifə

Bakı. Trend:

Mayın 5-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya
İnkişaf Bankının (AİB) İllik Toplantısı çərçivəsində Azərbaycan
Respublikasının maliyyə naziri Sahil Babayev “Qlobal dəyər
zəncirlərinin, texnologiya və inklüziv artımın dəyişdirilməsi”
mövzusunda keçirilən Rəhbərlər Şurasının plenar sessiyasında
iştirak edib.

Trend
nazirliyə istinadən xəbər verir ki, iclasda qlobal dəyər
zəncirlərində texnoloji transformasiya, regional inteqrasiyanın
dərinləşdirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi
məsələləri müzakirə olunub. Qeyd edilib ki, avtomatlaşdırma, süni
intellekt və rəqəmsal texnologiyalar istehsal və təchizat
zəncirlərini sürətlə dəyişdirir, xidmət sektorunun rolunu artırır
və bu proses yeni çağırışlar yaradır.

Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin qlobal dəyər
zəncirlərinə daha effektiv inteqrasiyası üçün bacarıqların
inkişafı, infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşma və
maliyyəyə çıxışın genişləndirilməsinin vacibliyi qeyd edilib. Bu
kontekstdə regional əməkdaşlığın gücləndirilməsi və təchizat
zəncirlərinin şaxələndirilməsi vasitəsilə iqtisadi dayanıqlığın
artırılmasında AİB-nin aparıcı rolu vurğulanıb.

İllik Toplantının üçüncü günündə Azərbaycanın maliyyə naziri
S.Babayev Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili ilə görüşüb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə
olduğu vurğulanıb, institusional əməkdaşlıq çərçivəsində
Hökumətlərarası Komissiyanın ikitərəfli əməkdaşlığın
əlaqələndirilməsi və prioritet istiqamətlərin inkişaf etdirilməsi
baxımından mühüm platforma olduğu bildirilib.

S.Babayev qeyd edib ki, nəqliyyat və tranzit sahəsində
əməkdaşlıq, xüsusilə Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz
çərçivəsində Bakı–Tbilisi–Qars dəmir yolu və digər logistika
marşrutları regional ticarətin genişlənməsinə və təchizat
zəncirlərinin dayanıqlığının güclənməsinə mühüm töhfə verir. Nazir
bu sahədə tranzit siyasəti üzrə koordinasiyanın gücləndirilməsinin
vacibliyini vurğulayıb.

O, həmçinin strateji regional enerji layihələrinə toxunaraq
bildirib ki, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi və
Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi regional
əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır
və bu layihələrin icrasının sürətləndirilməsi, eləcə də beynəlxalq
maliyyələşmənin cəlb edilməsi prioritet istiqamətlərdəndir.

Görüş zamanı, həmçinin dövlət maliyyəsi sahəsində həyata
keçirilən islahatlar, fiskal dayanıqlığın gücləndirilməsi,
dövlət-özəl tərəfdaşlığı mexanizmləri və beynəlxalq maliyyə
institutları ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi
aparılıb, regional layihələr üzrə koordinasiyanın
gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər yaxın zamanlarda
iki ölkənin Maliyyə nazirlikləri arasında əməkdaşlığa dair
memorandumun hazırlanaraq imzalanması barədə razılıq əldə
ediblər.

Maliyyə nazirinin müavini Himalay Məmişovun Çin Xalq
Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşündə
isə Azərbaycan və Çin arasında münasibətlərin dinamik inkişafı
yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin siyasi etimad,
həmçinin energetika, nəqliyyat və rəqəmsal transformasiya
sahələrində artan əməkdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın
həm ikitərəfli, həm də çoxtərəfli platformalar, o cümlədən AİB
çərçivəsində Çin ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsində
maraqlı olduğu qeyd edilib. Eyni zamanda, regionda
nəqliyyat-logistika bağlantılarının gücləndirilməsi, dayanıqlı
inkişaf və regional inteqrasiya gündəliyinə Azərbaycanın sadiqliyi
bir daha ifadə olunub.

Görüşdə Azərbaycanın sənaye zonalarında Çin şirkətlərinin daha
fəal iştirakı, istehsalat və yaşıl texnologiyalar, rəqəmsal
iqtisadiyyat və logistika sahələrində əməkdaşlıq imkanlarının
genişləndirilməsinin ölkəmizin strateji maraqlarına uyğun olduğu və
bu istiqamətdə tərəfdaşlıq layihələrinin reallaşdırılmasının
vacibliyi vurğulanıb.

H.Məmişov Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri
olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan ilə Çin arasında
iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük
potensial mövcuddur. Qeyd olunub ki, xüsusilə ixracın
diversifikasiyası və qeyri-neft sektorunda ticarət dövriyyəsinin
artırılması qarşılıqlı münasibətlərin əsas inkişaf
istiqamətlərindən biri kimi çıxış edir.




Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf
Bankına mümkün üzvlük məsələsinin nəzərdən keçirilməsini xahiş
edib.

H.Məmişovun Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Baş
investisiya direktoru Konstantin Limitovski ilə keçirilən görüşündə
isə Azərbaycan ilə AİİB arasında əməkdaşlığın uğurla davam etdiyi
qeyd olunub, Bankın Azərbaycanın infrastrukturun inkişafı və yaşıl
keçid sahələrində əsas beynəlxalq maliyyə tərəfdaşlarından biri
kimi çıxış etdiyi vurğulanıb.

Maliyyə nazirinin müavini bildirib ki, Azərbaycan 2016-cı ildən
AİİB-nin təsisçi üzvü kimi Bankla əməkdaşlığını uğurla davam
etdirir və bu əməkdaşlıq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər”ə tam uyğun olaraq ölkənin strateji inkişaf
hədəflərinin reallaşdırılmasına xidmət edir. Eyni zamanda, 2025-ci
ilin sentyabrında imzalanmış Birgə Bəyannaməyə sadiqlik bir daha
ifadə olunub.

Görüşdə AİİB-nin maliyyələşdirdiyi layihələr, o cümlədən TANAP
qaz kəməri, “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyaları və
digər layihələr üzrə müvafiq maliyyələşmələrin təmin olunduğu
diqqətə çatdırılıb.

Tərəflər, həmçinin Bakı metrosunun genişləndirilməsi, dayanıqlı
infrastruktur, yaşıl enerji, iqlim maliyyələşdirilməsi, dövlət-özəl
tərəfdaşlığı və rəqəmsal infrastruktur kimi prioritet sahələrdə
əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb,
maliyyələşdirmə alətlərinin diversifikasiyası və regional
əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi
aparıblar.

Toplantı çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri,
həmçinin AİB-nin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC)
proqramı çərçivəsində keçirilən “Turizmlə regionların
əlaqələndirilməsi” adlı tədbirdə iştirak edib.

AİB-nin Azərbaycan üzrə ölkə direktoru xanım Sünniyə
Durrani-Camalın moderatorluğu ilə keçirilən sessiyada bildirilib
ki, turizm sektorunun qlobal ÜDM-də payı hazırda təxminən 10 faiz
təşkil edir və bu göstəricinin 2030-cu ilə qədər CAREC regionunda
13 faizə çatdırılması üçün böyük potensial mövcuddur. Bu məqsədə
nail olmaq üçün region ölkələri arasında koordinasiyalı fəaliyyətin
vacibliyi vurğulanıb.

Qeyd olunub ki, turizmin inkişafı baxımından region ölkələrinin
müqayisəli üstünlüklərinin müəyyən edilməsi, regionu əhatə edən
vahid turizm marşrutlarının formalaşdırılması, bu marşrutlar üzrə
vahid viza mexanizmlərinin tətbiqi və sərhəd-keçid proseslərinin
sadələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, turizm
sahəsində rəqəmsal alətlərin geniş tətbiqi və regionun vahid turizm
məkanı kimi təşviqi istiqamətində addımların atılmasının zəruriliyi
diqqətə çatdırılıb.

Bununla yanaşı, özəl sektorun turizm sahəsində fəallığının
artırılması və bu istiqamətdə əlverişli biznes mühitinin
yaradılması vacib amillərdən biri kimi qeyd edilib.

Tədbir çərçivəsində, həmçinin AİB-nin region ölkələrinə turizm
sektorunun inkişafı və regional inteqrasiyanın gücləndirilməsi
istiqamətində dəstək göstərməyə hazır olduğu bildirilib.