
Bakı. Trend:
“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin
inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” yer alan
istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun
səmərəli fəaliyyətə başlaması və inkişafıdır.
Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu
institutun tətbiqi məhkəmə ekspertizası sahəsində alternativliyi
təmin edəcək.
Bununla yanaşı, ekspertiza xidmətlərinə çıxış imkanlarını
genişləndirəcək, işlərin baxılma müddətinin qısaldılmasına və
məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə mühüm
töhfə verəcək.
Bildirilib ki, özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması
həmçinin rəqabətli mühitin formalaşmasına şərait yaradacaq. Bu isə
ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni
texnologiyaların və innovativ yanaşmaların tətbiqinə, eləcə də
beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan
verəcək.
Özəl məhkəmə ekspertləri ilə məhkəmə ekspertizası idarələrində
fəaliyyət göstərən ekspertlərin hüquq və vəzifələri, habelə
məsuliyyəti eyni hüquqi çərçivə əsasında müəyyən edilir. Bu yanaşma
ekspert rəylərinin obyektivliyinin, qərəzsizliyinin və
mötəbərliliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda, bütün
ekspertlər üçün vahid peşə standartlarının tətbiqi ədalət
mühakiməsində bərabərliyin qorunmasına və hüquqi təminatların
gücləndirilməsinə imkan yaradır.
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən
şəxslər müvafiq ixtisas üzrə ən azı 10 illik iş təcrübəsinə malik
olmalı, yaxud fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə
və ya xüsusi biliklərini təsdiq edən beynəlxalq səviyyədə tanınmış
sənədlərə sahib olmalıdırlar.
Qanuna uyğun olaraq, şəhadətnamə almış şəxslər barədə məlumatlar
dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil ediləcək və yalnız
bundan sonra onların məhkəmə eksperti kimi fəaliyyəti mümkün
olacaq.
Fiziki və hüquqi şəxslər, eləcə də onların nümayəndələri
qanunvericilikdə müəyyən edilmiş hallarda məhkəmə ekspertizasının
aparılması üçün həm məhkəmə ekspertizası idarələrinə, həm də özəl
məhkəmə ekspertlərinə müraciət etmək hüququna malikdirlər. Bu zaman
ekspertiza xidmətləri tərəflər arasında bağlanan müqavilə əsasında
həyata keçirilir və sifarişçinin vəsaiti hesabına
maliyyələşdirilir.
Müqavilə çərçivəsində ekspert bilə-bilə yalan rəy verməyə görə
məsuliyyət daşıdığı barədə məlumatlandırılır və bu hal onun imzası
ilə təsdiq edilir. Bu yanaşma ekspert fəaliyyətində qərəzsizlik,
obyektivlik və peşə məsuliyyətinin təmin edilməsinə xidmət
edir.
Qeyd edilib ki, Konsepsiyada bu il özəl məhkəmə ekspertizası
institutunun tətbiqinə başlanılması nəzərdə tutulur.


