
Bakı. Trend:
27-30 aprel tarixlərində Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin nümayəndə heyəti Dünya Bankının dəvəti ilə Koreya
Respublikasının Seul şəhərində keçirilən “Dövlət müəssisələrinin
qlobal konfransı” adlı beynəlxalq tədbirdə iştirak edib.
Trend bu
barədə nazirliyə istinadən xəbər verir.
Dövlət maliyyə idarəetməsi sahəsində müxtəlif ölkələrin hökumət
nümayəndələri, dövlət müəssisələrinin rəhbərləri, beynəlxalq
maliyyə institutları və Koreyanın müvafiq qurumlarının yüksək
səviyyəli təmsilçilərinin qatıldığı konfrans dövlət maliyyə
idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar
təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə keçirilib.
Tədbirdə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin
Monitorinqi Agentliyinin direktoru Fərid Baxşıyev “Azərbaycanda
mərkəzləşdirilmiş monitorinq sisteminin tətbiqi” mövzusunda
təqdimatla çıxış edərək ölkəmizin bu sahədə əldə etdiyi
nailiyyətlər və tətbiq olunan yanaşmalar barədə məlumat verib,
iştirakçıların suallarını cavablandırıb.
Səfər zamanı nümayəndə heyəti Dünya Bankının İdarəetmə üzrə
qlobal direktoru Arturo Gutierrezlə, habelə dövlət müəssisələrinin
idarə edilməsi sahəsində qabaqcıl təcrübələrdən biri hesab olunan
Koreya təcrübəsinin öyrənilməsi məqsədilə Koreya Respublikasının
Maliyyə və İqtisadiyyat nazirliklərinin səlahiyyətli nümayəndələri
ilə görüşlər keçirib. Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsi
aparılıb, dövlət müəssisələrinin monitorinqi sahəsində ikitərəfli
əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Eyni zamanda, müxtəlif ölkələrin analoji qurumlarının
nümayəndələri ilə keçirilən görüşlərdə dövlət müəssisələrinin idarə
olunması və monitorinqi sahəsində fikir mübadiləsi aparılıb.
Konfrans çərçivəsində, həmçinin Maliyyə Nazirliyinin nümayəndə
heyətinin Koreya Respublikasının seçilmiş dövlət müəssisələrinə
tanışlıq səfərləri təşkil edilib.


