“Lufthansa” pilotlarının və təyyarə bələdçilərinin tətil dalğası başa çatıb

Baş səhifə

Bakı. Trend:

“Lufthansa” aviaşirkətində, eləcə də onun “Lufthansa Cargo”,
“Lufthansa CityLine” və “Eurowings” törəmə şirkətlərində pilotların
və təyyarə bələdçilərinin tətil dalğası başa çatıb.

Trend Almaniya mediasına istinadla xəbər verir ki, pilotların
həmkarlar ittifaqları təşkilatı “Kokpit ittifaqı”nın bülletenində
yaxın perspektivdə yeni kollektiv mübarizə tədbirlərinin olmayacağı
bildirilib. Təyyarə bələdçilərinin həmkarlar ittifaqı təşkilatı
(UFO) da tətillərə hələlik fasilə veriləcəyini və “Lufthansa”nın
reaksiyasını gözləyəcəklərini bildirib.

Pilotlar kabin heyəti ilə birlikdə həftə ərzində “Lufthansa”,
“Lufthansa Cargo” və “Lufthansa Cityline” aviaşirkətlərinin
fəaliyyətini beş gün müddətinə iflic ediblər. Tətil “Eurowings”
şirkətində iki gün davam edib. İşçilər daha yaxşı iş şəraiti,
əməkhaqlarının artırılması, pensiya fonduna daha yüksək töhfələrin
verilməsini tələb edirlər.




Həftə ərzində təkcə Frankfurt aeroportunda 3 mindən çox uçuşun
ləğv edildiyi və bunun yüz minlərlə sərnişini əhatə etdiyi
bildirilir. Tətilin sonuncu günündə də yüzlərlə uçuş təxirə
salınıb.

“Tagesschau” xəbər xidmətinin məlumatına əsasən “Lufthansa”
şirkəti yenidən böyük ölçüdə normal uçuş proqramı təklif etmək
niyyətindədir. Buna baxmayaraq, hələ də bəzi uçuşlar ləğv edilə və
gecikə bilər. “Lufthansa” davam edən əmək mübahisələrinə və yüksək
kerosin xərclərinə görə “Cityline”ın fəaliyyətinə dərhal son
qoyulduğunu elan edib. “Cityline”ın 24 sərnişin və 3 yük təyyarəsi
isə istismardan çıxarılacaq.

“Kühne Holding”in İdarə Heyətinin sədri Karl Qernandt hər iki
həmkarlar ittifaqını tətil hüququndan qeyri-mütənasib şəkildə
sui-istifadə etməkdə və şəxsi eqoizmi ümumi maraqlardan üstün
tutmaqda ittiham edib. “Kokpit ittifaqı” cavab olaraq yaydığı açıq
məktubda bu ittihamları qətiyyətlə rədd edərək bildirib ki,
kollektiv mübarizə tədbirləri aydın hüquqi çərçivəyə əsaslanır və
tarif danışıqları zamanı legitim bir vasitədir.