Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana dövlət səfəri edəcək.
“Report” Qazaxıstan Baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Türkiyə və Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 14-cü iclası zamanı məlum olub.
Səfərə hazırlıq çərçivəsində ölkələr ikitərəfli qarşılıqlı fəaliyyətin hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər. Danışıqları Qazaxıstanın Baş naziri Oljas Bektenov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz aparıblar.
“Bizim ticari-iqtisadi və investisiya əlaqələrimiz dinamik şəkildə inkişaf edir. Türkiyə Qazaxıstanın beş əsas ticarət tərəfdaşından biridir. Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 9% artıb. Qazaxıstan mallarının ixracı 17,7%-dən çox artaraq 3,9 milyard dollara çatıb. Qazaxıstan Hökuməti yüksək əlavə dəyəri olan məhsullara istiqamətlənməklə ticarət strukturunun şaxələndirilməsi üzrə birgə işə maraq göstərir”, – Bektenov deyib.
Cevdet Yılmaz qeyd edib ki, hökumətlərarası komissiyanın hazırkı iclasına qarşıdakı dövr üçün ticari-iqtisadi münasibətlərin yol xəritəsinin formalaşdırılmasına yönəlmiş strateji məsləhətləşmələr üçün baza kimi baxılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

