
Bakı. Trend:
ABŞ Pakistan ərazisində İranla aparılan danışıqlar zamanı
Tehranın Qətərdə və digər xarici banklarda saxlanılan aktivlərinin
dondurulmasının ləğvinə razılıq verib.
Trend xəbər verir
ki, bu barədə “Reuters” yüksək vəzifəli iranlı məmura istinadən
məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bu İranın gəmilərin Hörmüz
boağzından təhlükəsiz keçidini nə dərəcədə təmin edəcəyindən asılı
olacaq. Bildirilir ki, bu İslamabadda keçiriləcək İran-ABŞ
danışıqlarının gündəliyində əsas məsələlərdən biridir.
Pakistan paytaxtında danışıqların iki formatda – vasitəli və
birbaşa formatlarda keçirilməsi nəzərdə tutulur. İlk növbədə,
tərəflər Pakistandan olan nümayəndələr vasitəsilə müzakirələrin
gündəliyini təsdiqləyəcək. Daha sonra Vaşinqton və Tehran
nümayəndələri arasında birbaşa danışıqlar başlayacaq.
Birbaşa danışıqların Bakı vaxtı ilə 16:00-da start götürəcəyi
bildirilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

