Bizi aldatmağa çalışmayın – Cey Di Vens İrana xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

İranla danışıqlar üçün Pakistana yollanan ABŞ vitse-prezidenti
Cey Di Vens İranla müsbət danışıqların baş tutacağına ümidvar
olduğunu bildirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə o, səfər ərəfəsində
jurnalistlərə açıqlamasında bildirib.

“Biz danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, bu,
müsbət olacaq”, – Vens deyib.

“ABŞ prezidenti dediyi kimi, əgər iranlılar səmimi şəkildə
danışıqlara hazırdırlarsa, biz də əlbəttə ki, açıq əl uzatmağa
hazırıq. Əgər onlar bizi aldatmağa çalışsalar, o zaman görəcəklər
ki, danışıqlar qrupu buna o qədər də güzəştə gedən deyil”, – o
əlavə edib.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.