Şəklin mənbəyi, Netblocks
Oxuma vaxtı: 3 dəq
ABŞ və İsrailin İrana qarşı müharibəsinin on altıncı günündə İranda internetə qoyulan məhdudiyyətlər daha da sərtləşdirilir.
İranlılar BBC-yə Tehrandakı yoxlamalar, təhlükəsizlik postları və keçirdikləri qorxu barədə danışıb.
Bu və digər xəbərləri aşağıda oxuyun.
İranda internet məhdudiyyətləri daha da sərtləşdirilir.
BBC Verify dəqiqləşdirb ki, İrandan paylaşılan videoların sayında nəzərə çarpan azalma var. Bu isə hökumətin internetə çıxışa qoyduğu məhdudiyyətləri daha da sərtləşdirdiyini göstərir.
Tehrandan bir qadın BBC-yə deyib ki, məhdudiyyətləri aşmaq üçün Elon Musk-ın Starlink peyk internetindən istifadə edən bəzi insanlar həbs edilib.
BBC ilə əlaqə saxlayan iranlı bir kişi isə Starlink terminallarının sıradan çıxarıldığını deyib.
İnternet monitorinq qrupu Netblocks bildirib ki, İranda bu vaxta qədər qismən fəaliyyət göstərən əsas telekommunikasiya şəbəkələrindən birində “əlaqənin çöküşü” qeydə alınıb.
İranın bəzi rəsmilərə, dövlətə bağlı qurumlara və jurnalistlərə məhdud internet istifadəsi imkanı verən “ağ siyahı” saxladığı bilinirdi.
Lakin hazırki vəziyyət hətta həmin seçilmiş qrupların belə imkanlarının məhdudlaşdırıldığını göstərir.
ABŞ və İsrailin fevralın 28-də İrana ilk hava zərbələrini endirməsindən sonra İran hakimiyyəti internetə çıxışı məhdudlaşdırıb.
Xarici jurnalistlərin İrana girişinə ciddi məhdudiyyətlər qoyulduğundan, müharibə haqqında məlumat toplamağın əsas yollarından biri ölkənin içindən vətəndaşların çəkdiyi videolar və yenə vətəndaşlardan gələn mesajlardır.
İnternetin daha da məhdudlaşdırılması isə İrandan məlumatların nə vaxt və necə əldə ediləcəyinə birbaşa təsir göstərəcək.
ABŞ və İsrailin İran müharibəsiylə bağlı bundan əvvəlki xəbərləri aşağıdakı linklərdən oxuyun:
İranlılar Tehrandakı yoxlamalar, təhlükəsizlik postları və keçirdikləri qorxu barədə
İranlılar yoxlamalar və təhlükəsizlik postlarında keçirdikləri qorxu hissindən danışırlar.
Tehranda iranlılar şəhər boyunca qurulan təhlükəsizlik postlarında sənədlərin və əşyaların yoxlanılmasından narahat olduqlarını bildiriblər.
İnterneti təmin edən gənc bir kişi deyib: “Mənim etdiyim iş İslam Respublikası üçün cinayət sayılır. Çox qorxurdum, çünki yanımda laptop və telefon vardı”.
Başqa bir gənc deyir ki, postdan keçmək üçün özünü mehriban göstərməyə çalışıb: “Onlara “çox sağ olun, əziyyət çəkirsiniz” kimi sözlər dedim… sanki işlərinə həqiqətən dəyər verirdim”.
Gənc bir qadın isə deyib: “Həmişə rəngli geyimlər geyinmişəm. Ancaq indi yox. Çünki patrulların qıcıqlanacağından qorxuram”.

