Bakı. Trend:
İsrailin İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab
rayonunda qız ibtidai məktəbinə hücumu nəticəsində 24 şagird
ölüb.
Trend-in
məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin valisinin
müavini Əhməd Nəfisi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, səhər saatlarında məktəbdə 170 şagird
olub.
Nəfisi qeyd edib ki, hazırda məktəbdə şagirdlərə yardım və
xilasetmə əməliyyatı davam etdirilir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

