
Bakı. Trend:
bp Azərbaycan incəsənət tarixinin ən görkəmli simalarından biri
və Azərbaycan realist rəssamlıq məktəbinin banisi olan Mirzə Qədim
İrəvani haqqında kitabın nəşrinə dəstək verib. Böyük rəssamın 200
illik yubileyinə həsr edilmiş kitab bu gün bp-nin təşkil etdiyi
tədbirdə ictimaiyyətə təqdim edilib.
“Mirzə Qədim İrəvani: Parlaq Rənglərin İşığında” adlı kitabın
nəşri, rəssamın 200 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixli
sərəncamına uyğun olaraq həyata keçirilib.
Bu gün keçirilən tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycanın təsviri
sənətinin görkəmli nümayəndəsi olan Mirzə Qədim İrəvaninin əvəzsiz
irsini Azərbaycan xalqı ilə birlikdə böyük ehtiramla qeyd etməkdən
qürur duyuruq. Mirzə Qədim İrəvani klassik orta əsr miniatür
sənətinin dekorativ estetikası ilə realist dəzgah boyakarlığının
prinsiplərini ahəngdar şəkildə birləşdirərək, özünəməxsus bədii
forma və orijinal üslub yaradıb.
İrəvaninin Azərbaycanın təsviri sənətində dönüş nöqtəsi kimi
dəyərləndirilən və rəssamlıqda ənənəvi dekorativ məktəbdən yeni,
peşəkar realist yanaşmaya keçidi təmsil edən əvəzsiz irsi onu milli
təsviri sənət tariximizdə çox yüksək mövqeyə qaldırıb. Ümid edirik
ki, bu gün təqdim olunan kitab Azərbaycan sənətsevərləri tərəfindən
rəğbətlə qarşılanacaq və bu böyük sənətkarın irsinin daha dərindən
öyrənilməsinə və daha geniş tanıdılmasına dəyərli töhfə
olacaq”.
Mirzə Qədim İrəvaninin irsi Azərbaycan təsviri incəsənəti
tarixindəki əhəmiyyəti ilə yanaşı, həm də öz dövrünün tarixi,
mədəniyyəti, həyat tərzi, memarlıq ənənələri və bədii üslubları
barədə əvəzsiz məlumatlar təqdim edir.
Kitab Mirzə Qədim İrəvaninin həm ornamental rəssam, həm də bir
portretçi kimi bədii irsindən bəhs edən əhatəli icmal təqdim edir.
Nəşrdə həmçinin sənətkarın öz həyatına və yaradıcılıq yoluna dair
dəyərli tarixi məlumatlar yer alıb.
Nəşr İrəvaninin beynəlxalq muzey kolleksiyalarında qorunan
əsərlərinə dair tədqiqatları, saray interyerlərini bəzəyən sənət
nümunələrinin təhlillərini əhatə edən, eləcə də onun bədii irsinin
təkamülü və interpretasiyasını araşdıran bir sıra elmi məqalələri
bir araya gətirir. Bu materiallar bütövlükdə mühüm elmi və mədəni
mənbə təşkil edir.
224 səhifədən ibarət, yüksək keyfiyyətlə hazırlanmış incəsənət
və elmi tədqiqat nəşrinin müəllifi filologiya üzrə fəlsəfə doktoru,
dosent Nərgiz Cabbarlıdır. Ön söz sənətşünaslıq üzrə fəlsəfə
doktoru Qalib Qasımov tərəfindən qələmə alınıb. Kitabda, həmçinin
İrəvaninin irsini araşdırmış bir sıra digər alimlərin
tədqiqatlarından da istifadə olunub. Onların sırasında Azərbaycanın
görkəmli sənətşünası və tədqiqatçısı, Azərbaycanın Əməkdar
incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, mərhum
Ziyadxan Əliyev, eləcə də Natalya Miklaşevskaya, Kərim Kərimov,
Rasim Əfəndi, Nazim Mustafa, Telman İbrahimov, Xəzər Zeynalov və
başqa adlar yer alır.
Kitab bp-nin dəstəyi ilə həyata keçirilən daha geniş mədəni irs
layihəsinin bir hissəsidir. Layihə Mirzə Qədim İrəvaniyə həsr
olunmuş kitabdan əlavə, Doktor Kübra Əliyevanın müəllifi olduğu
Azərbaycan xalçalarına dair üç əsas elmi nəşri, eləcə də tanınmış
kino tədqiqatçısı Aydın Kazımzadənin müəllifi olduğu Azərbaycanın
milli kinematoqrafiyasının tarixi və inkişafına həsr edilmiş dörd
cildlik elmi araşdırmanı əhatə edir.
Layihəyə daxil olan digər kitablar da il ərzində ictimaiyyətə
təqdim ediləcək.
Layihə bp-nin Azərbaycanın zəngin mədəni irsinin qorunması və
təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləmək istiqamətində davamlı
öhdəliyini əks etdirir.
Layihənin ümumi dəyəri səkkiz kitabın hazırlanması və nəşri də
daxil olmaqla 308498 AZN (təxminən 181470 ABŞ dolları) təşkil edir.
Layihə Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən icra olunur.

