
Bakı. Trend:
Pakistan İran və ABŞ arasında münasibətlərdə gərginliyin
azaldılmasına yönəlmiş dialoqda iştirak edəcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Tahir Andrabi açıqlayıb.
Onun sözlərinə görə, İran-Amerika danışıqlarına Pakistan da
dəvət olunub və müzakirələrin gedişində İslamabadın mövqeyi nəzərə
alınacaq.
Diplomatik dairələrdəki mənbənin “Dawn” qəzetinə bildirdiyinə
görə, Pakistan tərəfinin iştirakı “gərginliyin azaldılmasında
həlledici amil kimi qiymətləndirilir, çünki İslamabad qeyri-rəsmi
şəkildə danışıqlar prosesinə töhfə vermək üzərində çalışır”.
Bundan əvvəl Vaşinqton administrasiyasının İran nümayəndələri
ilə Omanda danışıqlar aparmağa razılıq verdiyi barədə məlumat
yayılmışdı. Məsləhətləşmələrin fevralın 6-da keçiriləcəyi
gözlənilir.


