Kobaxidze: Orta Dəhliz etibarlı tranzit marşrutuna çevrilir

Baş səhifə

Şərqi Asiyanı Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz geosiyasi ziddiyətləri aradan qaldıran sabit və etibarlı tranzit marşrutuna çevrilir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışında deyib.

Onun sözlərinə görə, ənənəvi marşrutların etibarsız olduğu bir dünyada alternativ dəhlizlər vacib əhəmiyyət daşımağa başlayır.

Kobaxidze dünyanın daha dayanıqlı ticarətə ehtiyacı olduğunu vurğulayıb.

Baş nazir Gürcüstanda nəqliyyat və logistika sahələrində həyata keçirilən layihələrdən də danışıb:

“Gürcüstanın əsas dəmir yolu şəbəkəsinin tam modernləşdirilməsi başa çatdırlıb, onun ötürücülük qabiliyyəti iki dəfə artırılıb və ölkə daxilində tranzit müddəti əhəmiyyətli dərəcədə azaldılıb. Dəmir yolu əlaqəsi Bakı-Tbilisi-Qars layihəsi ilə daha da gücləndirilib. Bu layihə Xəzər hövzəsi ilə Gürcüstan vasitəsilə beynəlxalq bazarlar arasında birbaşa və etibarlı dəmir yolu əlaqəsini təmin edir”.