Dərmanların əlavə təsirləri ilə bağlı məlumatları necə əldə etmək olar?

Baş səhifə

Bakı. Trend:

Dərmanların əlavə təsirlər haqqında məlumatları onlayn əldə
etmək üçün vətəndaşlarımız iki üsuldan istifadə edə bilərlər.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəsmi internet
səhifəsindən (www.pharma.az) daxil olaraq açılan səhifənin sağ aşağı
hissəsində axtarış verərək məlumat ala bilərlər.

Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
efirində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin
Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov açıqlayıb.

Onun sözlərinə görə, bunun üçün həmin axtarış yerindən istənilən
dərman vasitəsinin ticarət adı qeyd olunur və axtarışa verilir:

“Açılan yeni səhifədə dərman vasitəsi barədə qısa məlumat görmək
mümkündür. Həmin səhifənin sonunda “İçlik vərəqi” qarşısında
qırmızı ilə “Yüklə” yazılan yerdən dərman vasitəsinin istifadə
təlimatını (içlik vərəqəni) yükləyib həmin içlik vərəqədə “əlavə
təsirlər” hissəsində əlavə təsirlər ilə tanış ola bilərlər”.




F.Həsənov bildirib ki, eyni zamanda bu məlumatları “Elektron
Resept” tətbiqindən də daxil olaraq baxmaq olar:

“Bunun üçün tətbiqi yükləmək lazımdır. Tətbiqi yükləmək üçün
Səhiyyə Nazirliyinin rəsmi veb-saytlarında (www.sehiyye.gov.az,
www.e-health.gov.az) “Elektron Resept” sistemi üçün
xüsusi keçidlər vasitəsi ilə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza
Mərkəzinin www.pharma.az səhifəsindən, istər aptek şəbəkələrində
yapışdırılmış stikerlərdən QR kodu telefon vasitəsi ilə oxudaraq
yükləmək və ya “App Store və Google Play”dən “Reseptim” sözünü
axtarışa verərək mobil tətbiqinə mobil cihazlardan rahatlıqla daxil
olmaq mümkündür. Bu tətbiqdə vətəndaşlarımız “Dərmanlar”
bölməsindən istənilən dərman vasitəsinin axtarışa verməklə sağ
kənarda yerləşən “İ” işarəsinə klik edərək içlik vərəqədə “əlavə
təsirlər” hissəsində əlavə təsirlər ilə tanış ola bilərlər”.

Şöbə müdiri qeyd edib ki, dərman vasitələrinin istifadəsi zamanı
daha çox müşahidə olunan əlavə təsirlərinə: baş ağrısı,
ürəkbulanma, allergik reaksiyaları (dəridə qaşınma, səpgi, qızartı
və s.) misal çəkmək olar.