
Bakı. Trend:
Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını
dəstəkləyir.
Trend xəbər verir ki, bu
barədə Hollandiyanın ING Qrupunun hesabatında deyilir.
“Xarici siyasətin davam edən normallaşması, o cümlədən
Azərbaycandan yanacaq tədarükünün bu yaxınlarda başlaması bazar
əhval-ruhiyyəsini dəstəkləyir. Biz Ermənistanın 2026-cı il üçün
makroiqtisadi proqnozunu müsbət qiymətləndiririk. Geosiyasi mühitin
yaxşılaşması və milli valyutanın sabitliyi 2026-cı ildə inflyasiya
dinamikası üçün əlverişli şərait yaradır”, – hesabatda qeyd
edilir.
Xatırladaq ki, 21 oktyabr 2025-ci il tarixində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında
vurğulayıb ki, Azərbaycan işğal dövründən mövcud olan Ermənistan
istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan
qaldırıb və bu marşrut üzrə ilk tranzit yükü Qazaxıstanın
Ermənistana göndərdiyi taxıl partiyası olub.
18 dekabr tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
Ermənistana 1220 ton “Aİ-95” markalı avtomobil benzini
göndərib.
Daha sonra, 9 yanvar 2026-cı il tarixində Ermənistana ümumilikdə
2 698 ton yük (48 vaqon) daşınıb ki, bunun 1742 tonu “Aİ-95”
markalı benzin, 956 tonu isə dizel yanacağı olub.
11 yanvar tarixində isə 18 vaqondan ibarət qatarla 979 ton “Aİ-92” markalı avtomobil benzini bu ölkəyə göndərilib.

