
Bakı. Trend:
Fransa Milli Assambleyasının deputatları baş nazir Sebastyen
Lekornunun rəhbərlik etdiyi hökumətə etimadsızlıq haqqında
qətnaməni qəbul etməyiblər.
Trend xəbər verir
ki, parlamentin saytında yayımlanan iclasın səsvermə nəticələrinə
görə, zəruri sayda səs toplanmayıb. Palatanın spikeri Yael
Bron-Pive bildirib: “Zəruri sayda səs toplanmadı, qətnamə qəbul
edilmədi.”
Qətnaməni 267 deputat dəstəkləyib, lakin onun qəbul olunması
üçün 577 səsdən ən azı 289 səs tələb olunurdu.
Qətnaməni solçu “İtaətsiz Fransa” Partiyası təqdim etmişdi.
Partiya fraksiyasının lideri Matilda Pano bildirib ki, qətnamə,
əsasən, fransızları sərt büdcə qanunundan qorumaq məqsədilə irəli
sürülüb. Səbəb isə hökumətin dövlət büdcəsinin üçüncü və son
hissəsini parlamentdə səsvermə olmadan, Konstitusiyanın 49-cu
maddəsinin 3-cü bəndinə əsasən qəbul etməsi olub.
2026-cı il üçün hökumətin büdcə qanunu müdafiə sahəsi istisna
olmaqla bütün sahələrdə xərclərin azaldılmasını nəzərdə tutur.
Müdafiə sahəsində isə əksinə, 6,7 milyard avro əlavə xərclərin
artırılması planlaşdırılır.

