Rumıniyada mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Rumıniyada PAOK futbol klubunun azarkeşlərini daşıyan
mikroavtobus yük maşını ilə toqquşub.

Trend xəbər verir
ki, qəza nəticəsində yeddi azarkeş həlak olub, üç nəfər isə
müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, mikroavtobus Avropa Liqasının 8-ci turu
çərçivəsində PAOK-un “Lion”la oyunu üçün Yunanıstandan Rumıniya
ərazisindən keçməklə Fransaya doğru hərəkət edirmiş. Qəza gün
ərzində DN6-E70 avtomobil yolunda baş verib.




İlkin məlumatlara əsasən, mikroavtobus ötmə əməliyyatı həyata
keçirmək istəyib, lakin öz hərəkət zolağına qayıtmadan qarşıdan
gələn, spirtli içkilər daşıyan yük maşını ilə toqquşub. Zərbənin
təsirindən mikroavtobus yolun kənarına çıxıb.

Yunanıstan Xarici İşlər Nazirliyi dərhal ölkənin Buxarestdəki
səfirliyinə və konsulluq şöbəsinə Yunanıstan vətəndaşlarına və
onların ailələrinə bütün zəruri yardımın göstərilməsi barədə
göstəriş verib. Səfirliyin xüsusi qrupu hadisə yerinə və
yaralıların yerləşdirildiyi xəstəxanalara göndərilir.