
Bakı. Trend:
Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol
Förmenin (Carole Feuerman) “Suda yenidən doğulanlar” (“Reborn into
the Water”) adlı sərgisinin açılış mərasimi keçirilib.
Trend xəbər verir ki,
sərginin açılışında Alena Əliyeva, Heydər Əliyev Mərkəzinin
direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış
incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar
Ələkbərov bildirib ki, Mərkəz bu ili möhtəşəm bir sərgi ilə açır və
təqdim olunan layihə ilin ən əlamətdar sərgilərindən olacaq: “Kerol
Förmenin yaradıcılığı ilə beynəlxalq sərgilərdə tez-tez
rastlaşırdıq və nəhayət, bu əsərləri Azərbaycana gətirə bildik.
Eksponatların əksəriyyəti ABŞ-dan, eləcə də Avropanın bir sıra
ölkələrindən gətirilib və əsərlərdən biri məhz Bakıda ilk dəfə
təqdim olunur”, – deyə Anar Ələkbərov bildirib.
Anar Ələkbərov Kerol Förmenin Azərbaycana ilk dəfə səfər
etdiyini, artıq ölkəmizin əsl dostuna çevrildiyini və Azərbaycanın
dünyada tanıdılmasına mühüm töhfə verdiyini deyərək ona təşəkkürünü
bildirib.
Daha sonra çıxış edən heykəltaraş-rəssam Kerol Förmen söyləyib
ki, bütün həyatı boyu incəsənət onun əsas ifadə vasitəsi olub,
hekayə anlatmaq üçün alətə, ideyaları araşdırmaq üçün yola,
duyğuları paylaşmaq üçün isə ən doğma dilə çevrilib.
O vurğulayıb ki, bu möhtəşəm bina və onun memarlığı sərgi üçün
ideal məkandır. Heydər Əliyev Mərkəzində hər bir detal sanki suyun
ritmini xatırladır, məkanın ümumi forması isə dalğaları andırır.
Heykəltaraşın sözlərinə görə, belə bir gözəlliyin qadın memarın
ideyası əsasında ərsəyə gəlməsi xüsusilə təsirlidir.
Kerol Förmen qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər su
mövzusuna həsr olunub.
“Su insana həyat verir, qidalandırır, təmizləyir və dəyişdirir.
Silsilədə suyun çoxşaxəli təbiəti, eləcə də insanın bu vacib
ünsürlə qurduğu mürəkkəb münasibətlər müxtəlif bədii yozumlarla
təqdim olunub. Xüsusi məna daşıyan əsərlərimdən biri üzgüçü qadın
obrazıdır. Bu əsəri həyatımın ən çətin dönəmlərindən birində
yaratmışam. Bu obraz mənim üçün yenidən ayağa qalxmağın və
dözümlülüyün simvoludur”, – deyə o əlavə edib.
Qeyd edək ki, “Suda yenidən doğulanlar” sərgisi həm şəxsi
hekayədir, həm də daha geniş sosial düşüncəni əks etdirir.
Heykəltaraş ekspozisiyadakı əsərlər vasitəsilə empatiyanı təşviq
etməyi, köhnəlmiş düşüncələri aşmağı hədəfləyir.
Müəllifin “Rut” əsəri isə ictimaiyyətə ilk dəfə məhz Heydər
Əliyev Mərkəzində təqdim olunub.
Kerol Förmen güclü realist təsirə malik heykəllər yaratmaqla
məşhurdur, üzgüçüləri və rəqqasları təsvir edən fiqurativ
heykəlləri ilə tanınır.
Bakıda təqdim olunan “Suda yenidən doğulanlar” (“Reborn into the
Water”) sərgisi rəssamın 1970-ci illərdəki işlərindən son
onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.
“Üzgüçülər” seriyası Förmenin incəsənətinin rəmzi ifadəsidir.
Qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlanan
heykəllər tamaşaçıları insan bədəninin sarsılmaz gücünü yenidən
kəşf etməyə dəvət edir. Rəssam yalnız fiziki gücü nəzərdə tutmur,
o, əsərləri ilə həm də şəxsi və ictimai çətinlikləri dəf edən
daxili güc barədə düşünməyi vacib bilir.
Kerol Förmenin əsərləri indiyədək dünyanın nüfuzlu məkanlarında
sərgilənib. Açıq hava instalyasiyaları Nyu-Yorkda “Park Avenue” və
“Central Park”, Nyu-Orleanda “Poydras Corridor”, Parisdə isə
“Avenue George V” kimi məkanlarda nümayiş olunub. Bu gün Kerol
Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını və dünyanın
müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalarda
saxlanılır.


