Bakı. Trend:
İran ordusu destabillik və iğtişaş yaratmağa çalışan istənilən
əcnəbi təxribatla mübarizə aparacaq.
Trend-in
məlumatına görə, bu, İran ordusunun yaydığı bəyanatda öz əksini
tapıb.
Bəyanata əsasən, İran ordusu ölkənin digər silahlı qüvvələri ilə
yanaşı öz vəzifəsi çərçivəsində bütün hərəkətləri nəzarətdə
saxlayır, milli mənafeyi, ölkənin strateji infrastrukturları və
ictimai əmlakı qorumaqdadır.
Bildirilir ki, İran xalqı 47 il öncə bütün planları alt-üst
edərək öz istiqlalını əldə edib. Lakin hazırda qərb ölkələri
müxtəlif planlar və təxribatla yenə də İslam İnqilabından öncəki
vəziyyəti bərpa etmək istəyirlər.
Bəyanatda qeyd olunur ki, İran ordusu vətəndaşları
ayıq-sayıqlığı qorumaqla məkrli planlara aldanmamağa və qərəzli
məqsədləri puç etməyə çağırıb.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

