
Bakı. Trend:
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri dövlət başçılarının
uzaqgörən siyasəti sayəsində mədəniyyət də daxil olmaqla bütün
sahələrdə dinamik şəkildə inkişaf edir.
Trend-in bazar
günü verdiyi məlumata görə, bunu Azərbaycanın mədəniyyət nazirinin
müavini Fərid Cəfərov Azərbaycanda Özbəkistan Respublikasının
Mədəniyyəti Günlərinin açılış mərasimində çıxışı zamanı
bildirib.
Onun sözlərinə görə, Özbəkistanda və Azərbaycanda keçirilən
Mədəniyyət Günləri incəsənət sahəsində adi tədbir deyil.
“Bu, iki qardaş xalqın ortaq köklərinin, qarşılıqlı hörmətinin
və dostluğunun əyani təzahürüdür”, – deyə Cəfərov vurğulayıb.
Nazir müavini qeyd edib ki, Özbəkistan Respublikası
Prezidentinin rəhbərliyi altında ölkə inkişafın bütün
istiqamətlərində mühüm nailiyyətlər əldə edir.
“Mədəniyyət bu prosesin prioritet və xüsusi əhəmiyyət daşıyan
istiqamətlərindən biridir. Çünki biz eyni kökdən gələn, ortaq
tarixi-mədəni irsi, dəyərləri və ənənələri bölüşən xalqlarıq”, –
deyə o bildirib.
Fərid Cəfərov həmçinin vurğulayıb ki, bu il Azərbaycanda və
Özbəkistanda Mədəniyyət Günlərinin qarşılıqlı əsasda yenidən
keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, hər iki ölkənin
mədəniyyət və incəsənət xadimləri qarşı tərəfin ölkəsində keçirilən
beynəlxalq festivallarda mütəmadi olaraq iştirak edirlər.

