
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri
Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə
səfər ediblər.
Trend xəbər verir
ki, səfər çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 7-də
Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri, dünyaşöhrətli
iqtisadçı, Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla
görüşüblər.
Görüşdə Prezident İlham Əliyevin ən səmimi salamları Baş müşavir
M.Yunusa çatdırılıb. Onun sonuncu dəfə 2024-cü ilin noyabrında
COP29-da iştirak daxil olmaqla, müxtəlif illərdə Azərbaycana
çoxsaylı səfərlər etdiyi, bir neçə dəfə Azərbaycan Prezidenti ilə
görüşdüyü və ölkəmizdə hər zaman xoş qarşılandığı vurğulanıb.
Azərbaycanın Banqladeşlə daima dostluq əlaqələrinə malik olduğu,
müxtəlif formatlarda uğurla əməkdaşlıq etdiyi diqqətə
çatdırılıb.
Məhəmməd Yunusa Leyla Əliyevanın və Arzu Əliyevanın Dəkkədə
fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz
uşaqlar üçün müəssisəni ziyarət etdikləri barədə məlumat
verilib.
Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin Banqladeşin
müvafiq təşkilatları ilə birgə humanitar, sosial, gənclər və
könüllülər, ətraf mühit və təbiətin mühafizəsi kimi sahələrdə
əməkdaşlıqda, həmçinin birgə layihələr həyata keçirməkdə maraqlı
olduğu qeyd edilib.
Baş müşavir Məhəmməd Yunus ölkəmizə çoxsaylı səfərləri zamanı
Azərbaycan Prezidenti görüşlərini hər zaman məmnunluqla
xatırladığını bildirib, öz növbəsində onun da salamlarını
dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, COP29 çərçivəsində
Prezident İlham Əliyevlə görüşdə qeyd edildiyi kimi, iki ölkə
arasında səmərəli əməkdaşlıq üçün böyük potensialın olduğunu
bildirib və praktiki fəaliyyətlərin həyata keçirilməsinin
vacibliyinə toxunub.
M.Yunus Azərbaycanın müxtəlif sahələrdə böyük nailiyyətlər əldə
etdiyinin şəxsən şahidi olduğunu deyib, Banqladeşlə əməkdaşlığın
inkişafı və praktiki dəstək proqramlarının icrası üzrə göstərilən
səylərə görə dərin təşəkkürünü bildirib.

