Bərdədə yerləşən tullantı poliqonunda baş verən yanğının səbəbi açıqlandı

Baş səhifə

Bakı.Trend:

Bərdə rayonu ərazisində yerləşən tullantı poliqonunda
tullantıların yandırılması ilə bağlı mediadan daxil olan şikayət
əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin
əməkdaşları tərəfindən araşdırma aparılıb və fakt təsdiqini
tapıb.

İdarənin rəisi Oqtay Şahmurov Trend-ə açıqlamasında bildirib ki, yanğın
məişət tullantılarının mövcud qanunvericiliyin tələb və qaydalarına
uyğun idarə olunmaması və qabaqlayıcı tədbirlərin görülməməsi
səbəbindən baş verib.




“Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh Bərdə Kommunal
Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsində protokol
tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində
cərimə olunub. Poliqonda tullantıların düzgün idarə olunmasının
təmin edilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə
Bərdə Kommunal Təsərrüfatı İdarəsinə “Ekoloji tələb” verilib. Eyni
zamanda mövcud vəziyyətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə
müraciət olunub.

Ətraf mühitin mühafizəsinə həssas münasibət göstərən
vətəndaşlarımıza təşəkkür edir və bu kimi hallarla rastlaşdıqları
zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı
Mərkəzi”nə müraciət etmələrini xahiş edirik”.