
Bakı. Trend:
Könüllülük nə deməkdir – desəm, əksəriyyətiniz ilk növbədə asudə
vaxtın maraqlı və faydalı keçirilməsi, yeni dostlar qazanılması,
insanlara kömək və diqqət göstərilməsi kimi qiymətləndirərsiniz.
Bu, tamamilə doğrudur.
Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin
sektor müdiri Həmid Nəsibov “Konstitusiya və Suverenlik İli”nə həsr
edilən 7-ci “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilən
Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı
deyib.
H. Nəsibov bildirib ki, könüllülük ilk növbədə təəssübkeşlik
deməkdir:
“Bu başqalarının çətinliklərini anlamaq, bölüşmək və eyni
zamanda onların sevincli anlarına şərik olmaq deməkdir. Bu
insanlara yardım etmək, bəzən isə heç bir qarşılıq gözləmədən
xidmət göstərmək deməkdir. Və bütün bu ali dəyərləri özündə daşıyan
hər bir gənc ən yüksək alqışa layiqdir”.
Sektor müdirinin sözlərinə görə, Prezident İlham Əliyev
dəfələrlə çıxışlarında, gənclərlə görüşlərində könüllülük
hərəkatına yüksək qiymət verib:
“Könüllülər öz fəaliyyətləri ilə həm dövlət məmurlarına, həm də
sıravi vətəndaşlara dürüstlüyü və təmizliyi təlqin edirlər”.
O əlavə edib ki, bu il həm könüllülər, həm də dövlətimiz üçün
əlamətdar il olub:
“Bildiyiniz kimi, ölkəmizin tam suverenliyini qeyd edirik. Eyni
zamanda, könüllüləri öz çətiri altında birləşdirən Azərbaycan
Könüllü Təşkilatları İttifaqının da 5 yaşı tamam olur.
Qısa müddət ərzində Könüllü Təşkilatları İttifaqı böyük və
uğurlu bir yol keçib, ətrafında birləşdirdiyi könüllülərlə
tariximizə öz imzasını qoyub”.

