
Bakı. Trend:
Risk Analiz Sisteminin (ARAS) istifadəyə verilməsindən sonra
cari ildə 300 min manatdan çox əlavə gömrük ödənişləri dövlət
büdcəsinə daxil olub.
Trend xəbər
verir ki, bunu Hava Nəqliyyatı Baş Gömrük idarəsinin Logistika
Mərkəzinin Gömrük Postunun rəisi Rövşən Mahmudzadə jurnalistlərə
açıqlamasında bildirib.
O vurğulayıb ki, ay ərzində bağlamalarla bağlı yarım milyon
manatdan çox gömrük ödənişi büdcəyə daxil olur.
Bundan başqa, gömrük nümayəndəsi qeyd edib ki, gün ərzində orta
hesabla 20-25 min bağlama gömrük nəzarətindən keçirilir.
Onun sözlərinə görə, bu ildən Risk Analiz Sistemi (ARAS)
vasitəsilə poçt bağlamalarına gömrük nəzarəti həyata keçirilir:
“Gömrük yoxlamaları risk əsaslı sistem vasitəsilə təşkil olunur.
Daşıyıcı şirkətlər tərəfindən həmin bağlamalar gömrük yoxlamasına
təqdim olunur. Yoxlamalar zamanı aşkarlanan qanunsuz faktlara
əsasən səhv bəyan etmələr daxildir. Söhbət vətəndaşlar tərəfindən
gömrük dəyərinin səhv bəyan edilməsindən gedir. Buraya həmçinin
malların saylarının düzgün göstərilməməsi daxildir. Gün ərzində
orta hesabla 20-25 min bağlama gömrük nəzarətindən keçirilir və
buraxılışı təmin olunur”.

