
Bakı.Trend:
Zaqatala və Balakən rayonlarında qəhvəyi mərmər bağacığına qarşı
aparılan genişmiqyaslı tədbirlər bu il bölgədə zərərvericinin
yayılmasının qarşısının alınmasında mühüm nəticələr verir.
Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı
ilə həyata keçirilən monitorinqlər çərçivəsində 10-dan çox kənddə 1
000-dən artıq yaşayış evi və tikili yoxlanılıb. Əsasən, qışlama
üçün əlverişli olan çardaqlarda, tavanarası sahələrdə, köhnə
tikililərdə və s. isti yerlərdə qrup halında yalnız yetkin fərdlər
aşkarlanıb və məhv edilib.
Görülən tədbirlər sayəsində növbəti illərdə fındıq bağlarında
yüz tonlarla məhsul itkisinin qarşısı alınıb. Bu isə hazırkı bazar
qiymətləri ilə müqayisədə külli miqdarda iqtisadi itkinin
qarşısının alınması deməkdir və geniş fındıq əkin sahələrinə malik
olan Zaqatala və Balakən rayonlarının, ümumilikdə, bölgənin
iqtisadi dayanıqlığı üçün strateji əhəmiyyət daşıyır.
Qəhvəyi mərmər bağacığı qışlama dövründə sığınacaq yerlərində
qrup halında toplanır. Məhz bu dövrdə aparılan hədəfli mübarizə
növbəti il üçün mümkün kütləvi artımın qarşısını alan ən təsirli
müdafiə tədbiri hesab olunur. Qışlama mərhələsində həyata keçirilən
məhvetmə prosesləri həm populyasiyanın azalmasına, həm də növbəti
mövsümlərdə məhsuldarlığın qorunmasına mühüm töhfə verir.
Tədbirlərin səmərəliliyi nəzərə alınaraq, bölgədə ardıcıl
şəkildə davam etdirilməsi nəzərdə tutulub.

