
Bakı.Trend:
Təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi
tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq,
bəzi valideynlərin məsuliyyətsizliyi və laqeydliyi səbəbindən
azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması halları
qeydə alınır. Belə hallarla bağlı daxil olan məlumatlar əsasında
Nazirliyin xilasetmə qüvvələri tərəfindən operativ əməliyyatlar
sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya
yaxınlarına təhvil verilir.
Trend xəbər
verir ki, bu barədə uşaqların təhlükəsizliyi ilə bağlı Fövqəladə
Hallar Nazirliyinin əhaliyə müraciətində qeyd olunub.
Belə ki, yalnız noyabrın ötən 13 günü ərzində Nazirliyin
xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar
sayəsində 22 uşaq xilas edilib.
Aparılan təhlillər bu kimi halların əsasən uşaqların nəzarətsiz
qoyulması, o cümlədən əksər hallarda mənzildə və digər məkanlarda
tək olması nəticəsində yaşandığını göstərir.
Qeyd olunanlarla bağlı, mənzillərdə azyaşlıların həyatına
təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və
pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin,
kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə,
həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətdən kənar
qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə
alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara
qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.


