
Bakı. Trend:
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli kredit
reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə qaldırıb. Agentlik
bu qərarını şirkətin maliyyə siyasətində şəffaflığın əhəmiyyətli
dərəcədə artması və məlumatların açıqlanma səviyyəsinin
yaxşılaşması ilə izah edib. Reytinq üzrə proqnoz isə “sabit” olaraq
saxlanılıb.
Trend xəbər verir
ki, agentliyin məlumatına görə, son aylarda SOCAR məlumatların
açıqlanması və reytinq təşkilatları ilə kommunikasiya sahəsində
mühüm irəliləyiş nümayiş etdirib. Bu da şirkətin fəaliyyət
göstəricilərinin şəffaflığını və izlənilə bilməsini artırıb.
“S&P” həmçinin SOCAR-ın fərdi kredit profilinə (SACP) dair
qiymətləndirməsini “B” səviyyəsindən “BB-” səviyyəsinə yüksəldib
ki, bu da şirkətin ümumi reytinqinin və onun təminatsız borc
öhdəlikləri üzrə reytinqinin yenidən nəzərdən keçirilməsi üçün əsas
olub.
Agentliyin məlumatına görə, sabit proqnoz “SOCAR”ın əhəmiyyətli
pul ehtiyatlarına əsaslanaraq idarəolunan likvidlik səviyyəsini
qoruyacağına və sabit əməliyyat nəticələrini təmin edəcəyinə dair
gözləntiləri əks etdirir. Habelə, əməliyyat fəaliyyəti nəticəsində
yaranan vəsaitlərin (FFO) borca nisbətinin 12 faizdən yuxarı
səviyyədə qalacağı proqnozlaşdırılır. Şirkətə dövlət dəstəyinin
səviyyəsinə dair qiymətləndirmə isə dəyişməz olaraq qalır.


