Zəfər xronikası. 8 noyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə paylaşım edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci il noyabrın 8-də Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva rəsmi “İnstaqram” hesabında Şuşa şəhərinin
işğaldan azad edilməsi münasibətilə paylaşım edib.

Trend-in
məlumatına görə, paylaşımda deyilir:

“Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc
hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün
həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam
etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa
olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını
işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri
Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında
həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad
edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi,
dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə
canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əziz
qardaşlar və bacılar!

Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə
hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və
nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan
xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik
Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli
həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim
Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi
bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və
Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”