AİB Azərbaycanda dayanıqlı turizm və rəqəmsal xidmətlərin inkişafını dəstəkləyəcək

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya və Qafqaz ölkələrində, o
cümlədən Azərbaycanda rəqəmsal transformasiyanı stimullaşdırmaq və
dayanıqlı turizmin inkişafını təşviq etmək məqsədi daşıyan
“Dayanıqlı turizm və xidmət ticarəti” (Sustainable Tourism and
Services Trade) adlı yeni regional layihənin başladığını elan
edib.

Trend bu barədə
AİB-ə istinadən məlumat verir.

Qeyd olunur ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan
və Özbəkistanı əhatə edir və CAREC (Central Asia Regional Economic
Cooperation – Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı
çərçivəsində həyata keçirilir.

AİB-in məlumatına görə, dəyəri 550 000 ABŞ dolları olan layihə
turizm sektorunun inkişafını ləngidən əsas maneələrin aradan
qaldırılmasına yönəlib. Bu məqsədlə rəqəmsal innovasiyalardan və
dayanıqlı siyasətlərdən istifadə olunacaq ki, bu da turizmin
regional ticarətə və iqtisadi şaxələndirməyə töhfəsini
artırmalıdır.




“Təşəbbüsün əsas məqsədlərinə xidmət ticarətinin, o cümlədən
turizm və rəqəmsal xidmətlərin genişləndirilməsi və
rəqəmsallaşdırılması; turizm sahəsində “ağıllı”, “yaşıl” və
inklüziv həllərin təşviqi; sərhədyanı əlaqəliliyin və turizm
infrastrukturunun yaxşılaşdırılması; regionun rəqabətqabiliyyətini
artırmaq üçün ekoloji təmiz və texnoloji həllərin tətbiqi
daxildir.

Layihə rəqəmsal texnologiyalara və mədəni cəhətdən zəngin
marşrutlara əsaslanan daha rahat və dayanıqlı turizm mühitinin
yaradılmasına töhfə verəcək, həmçinin AİB-in CAREC regionunda
turizmin inkişafı istiqamətində həyata keçirdiyi əvvəlki
təşəbbüslərin davamı olacaq”, – deyə məlumatda bildirilir.

Bankın qeyd etdiyi kimi, yeni təşəbbüs CAREC ölkələrinin
regional əməkdaşlığın dərinləşdirilməsi və turizm sahəsində
strategiya və fəaliyyət planının həyata keçirilməsi istiqamətindəki
“qətiyyətli öhdəliyini” əks etdirir.