TƏBİB-ə daha çox hansı növ şikayətlər daxil olur?

Baş səhifə

Bakı. Trend:

Cari ilin doqquz ayı ərzində TƏBİB-ə ümumilikdə 21 754 vətəndaş
müraciəti daxil olub. Müraciətlərin 71 faizi (15 359-u) ərizələr,
28,9 faizi (6 364-ü) şikayətlər, 0,1 faizi (31 müraciət) isə
təkliflər təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə
şikayətlərin sayında 31,83 faiz azalma, eyni zamanda həll olunma
göstəricisində 3,7 faiz artım qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə TƏBİB-in Müraciətlərlə iş departamentinin
rəhbəri İlham Hüseynov, İcraçı direktor Vüqar Qurbanovun sədrliyi
ilə tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən
müşavirədə məlumat verib.




Departament rəhbəri qeyd edib ki, daxil olmuş müraciətlər üzrə
görülən tədbirlərin nəticələrinə əsasən, 16 039 müraciət (73,6
faiz) üzrə vətəndaşlara müvafiq izahat verilib, 2 897 müraciət
(13,3 faiz) tam həll olunub, 1 356 müraciət (6,1 faiz) isə qismən
təmin edilib.

İlham Hüseynov bildirib ki, şikayətlərin əsas istiqamətləri
tibbi xidmətin keyfiyyəti, əlillik məsələləri, tibbi personal və
rəhbər şəxslərlə bağlı müraciətlər, kadr və dərman təminatı
problemləri, eləcə də işə qəbul istəkləri ilə bağlı şikayətlərdir.
Onun sözlərinə görə, bu istiqamətlərdə monitorinq tədbirləri
davamlı şəkildə aparılır və hər bir müraciət üzrə fərdi qaydada
qiymətləndirmə həyata keçirilir.