Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirilib

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Diasporla İş
üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 3-də Türkiyənin
Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun
açılış mərasimi keçirilib.

Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli,
Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli
Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəki
səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar İttifaqının
sədri Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının
rektoru Xalq artisti Fərhad Bədəlbəyli, o cümlədən Azərbaycandan və
bir sıra ölkələrdən tanınmış mədəniyyət xadimi soydaşlarımız və
digər qonaqlar iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən
Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.

Sonra “Qarabağda mədəniyyətin dirçəlişi” adlı videoçarx nümayiş
etdirilib.




Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bildirib
ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ölkəmizin mədəni
diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur. Bu
təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
tərəfindən mədəniyyətin və milli kimliyin qorunması, eləcə də onun
beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən
uzaqgörən siyasətin məntiqi davamıdır.

Nazir deyib ki, tariximizə qızıl hərflərlə yazılmış 44 günlük
Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümü ərəfəsində
keçirilən forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi
vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil
təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin
stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına
əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyət
mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail
olunması da forumun əsas hədəfidir.

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin diaspor
strategiyası Prezident İlham Əliyevin siyasi hakimiyyəti dövründə
daha da inkişaf etdirilərək yeni mərhələyə yüksəldilib. Dövlətimiz
bu gün xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyətini
stimullaşdırır. Xarici ölkələrdəki mədəniyyət xadimlərimiz də öz
növbəsində mədəni diplomatiyaya töhfələrini verir, Azərbaycanı
uğurla təmsil edirlər.
Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın
Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və forumun Təşkilat
komitəsinin sədri Xalq artisti Cahangir Novruzov da çıxış edərək
forumun əhəmiyyətini yüksək qiymətləndiriblər.

Daha sonra Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğinə
töhfə verən incəsənət nümayəndələri təltif edilib və birgə xatirə
fotosu çəkdirilib.

Bildirək ki, Azərbaycan Respublikasının Türkiyə
Respublikasındakı Səfirliyinin dəstəyi ilə reallaşan forum noyabrın
5-dək davam edəcək. Forum çərçivəsində yaradıcılıq təqdimatları,
mədəniyyət layihələrinin nümayişi, plenar müzakirələr, eləcə də
mədəni əməkdaşlıq protokollarının imzalanması nəzərdə tutulur.
Tədbir gedişində həmçinin Azərbaycan musiqisi, teatr və rəqs sənəti
əsasında maraqlı bədii proqramlar da təqdim olunacaq.