
Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim
edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı
tədbirlərin davamı olaraq Bakı – Zaqatala, Bakı – Şəki, Mingəçevir
– Qazax, Bakı – Ağdam, Bakı – Gəncə, Bakı – Sınıq Körpü (Qazax
sərhəd-keçid məntəqəsi), Şəki – Gəncə avtobus marşrutları üzrə
müsabiqələrin qalibləri müəyyən edilib.
Trend
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Bakı – Zaqatala və Bakı – Şəki marşrutları üzrə
hüquqi şəxs “Xan Sarayı” MMC;
Mingəçevir – Qazax marşrutu üzrə fiziki şəxs Mustafayev Nahid
Hidayət oğlu;
Bakı – Ağdam marşrutu üzrə fiziki şəxs Nuriyev Fəxrəddin İsmayıl
oğlu;
Bakı – Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
Bakı – Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə
fiziki şəxs Abbasov Kamil Şakir oğlu;
Şəki – Gəncə marşrutu üzrə fiziki şəxs Xəlilov Əmiraslan Fərman
oğlu qalib elan olunublar.
Qeyd edək ki, müsabiqələrin nəticələrinə əsasən, 8 marşrut üzrə
istismar ediləcək 10 nəqliyyat vasitəsindən 5-i 2025-ci il
istehsalı olan müasir nəqliyyat vasitələridir.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun
olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,
təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların
təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

