
Bakı. Trend:
Bütün dünyada xəstəxanalarda antibiotiklərə davamlı infeksiyalar
sürətlə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni qlobal
hesabatına görə, 2023-cü ildə laboratoriya tərəfindən təsdiqlənmiş
hər altı bakterial infeksiyadan təxminən biri standart
preparatlarla müalicəyə davamlı olub.
Trend Ümumdünya
Səhiyyə Təşkilatının hesabatına istinadla xəbər verir ki,
ekspertlər tədqiqatın nəticələrini “son dərəcə həyəcanlı”
adlandırır və xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə,
2050-ci ilə qədər antibiotiklərə davamlı infeksiyalardan ölüm
hallarının sayı 70 faiz arta bilər.
Hesabata görə, 2018-2023-cü illərdə istifadə edilən
antibiotiklərin 40 faizindən çoxu ən çox yayılmış infeksiyalara –
qan, bağırsaq, sidik yolları və cinsi yolla keçən xəstəliklərə
qarşı effektivliyini itirib.
ÜST 104 ölkədən 23 milyon bakterial infeksiya haqqında məlumat
toplayıb. Təhlil göstərdi ki, ən ağır vəziyyət səhiyyə
sistemlərində diaqnostika vasitələri, antibiotiklər və infeksiyaya
nəzarət resurslarında çatışmazlıq olan aşağı və orta gəlirli
ölkələrdədir.
“Bu nəticələr ciddi həyəcan doğurur. Antibiotiklərə qarşı
müqavimət artmaqda davam etdiyinə görə, biz getdikcə daha çox
effektiv müalicə üsullarının sadəcə olmadığı bir vəziyyətlə
üzləşirik. Bu, infeksiyaların qarşısının alınması və nəzarətinin
zəif olduğu, etibarlı diaqnostika və dərman vasitələrinə çıxışın
məhdud olduğu ölkələrdə xüsusilə təhlükəlidir”, – deyə ÜST-nin
Antimikrob preparatlara müqavimət Departamentinin direktoru Doktor
İvan Xutin bildirib.
ÜST-nin qiymətləndirmələrinə görə, Cənub-Şərqi Asiya və Şərqi
Aralıq dənizində hər üç bakterial infeksiyadan biri artıq
antibiotiklərə davamlıdır. Afrika ölkələrində – təxminən hər
beşindən biridir. Bununla belə, faktiki rəqəmlər daha yüksək ola
bilər: bir çox ölkələrdə məlumatlar ilk növbədə ən ağır halların
cəmləşdiyi böyük ixtisaslaşmış xəstəxanalardan daxil olur.

